Pharmed.az
Otorinolarinqologiya Cəmiyyəti 1-ci Beynəlxalq konqresi
Hörmətli dostlar, əziz məsləkdaşlar!
02-03 sentyabr 2022-ci il tarixlərində Bakıda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti (AOC) və “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi (СASOS)”nin 1-ci Beynəlxalq konqresi keçiriləcəkdir.
Konqresdə 350-400 arası iştirakçının qatılması nəzərdə tutulur (100 nəfər xarici qonaq olmaqla). Azərbaycandan başqa Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistandan (СASOS üzvləri) həmkarlarımız iştirak edəcəklər. İran otorinolarinqologiya cəmiyyəti də konqresə 50-100 arası iştirakçı ilə qatılmaq haqda arzularını tərəfimizə bildirmişlər.
Bundan başqa Gürcüstan, RF və digər ölkələrdən də həmkarlarımızın iştirakı nəzərdə tutulur. 2 gün ərzində qulaq-burun-boğaz xəstəliklərinin bütün sahələrini əhatə edən 4 kurs, 15 panel ilə konqres davam edəcək. Konqres Dünya Qulaq-burun-boğaz konfederasiyasının (IFOS) himayədarlığı ilə keçiriləcək, IFOS saytında baner və informasiya yerləşdiriləcək, IFOS loqosu bütün çap məhsullarında olacaqdır.
Konqresin elmi proqramında 40-a yaxını Azərbaycanlı olmaqla 10 ayrı ölkədən 90-a yaxın məruzəçi çıxış edəcəkdir ki, bunların arasında Dünya Qulaq-burun-boğaz cəmiyyətləri konfederasiyasının idarə heyətinin üzvü Prof.Dr. Metin Önerçi, Avropa Qulaq-burun-boğaz və Baş-boyun cərrahiyyəsi konfederasiyasının prezidenti Prof.Dr. Cem Meço, Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun cərrahiyyəsi birliyinin sədri Prof.Dr. Vadim Nasırov, İran Qulaq-burun-boğaz Cəmiyyəti sədri Mahdi Khajavi, sədr müavini Prof.Dr. Ali Şirazi, İran Rinoloji araşdırma mərkəzi sədri Prof.Dr. Mohsen Naraghi, Türk Qulaq-burun-boğaz və Baş-boyun cərrahiyyəsi cəmiyyətinin sədri Prof.Dr. Tayfun Kirazlı, baş katibi Prof.Dr. Özgür Yiğit, Türk KBB BBC cəmiyyəti Qulaq-burun-boğaz mktəbləri sədrləri, Avropa Larinqologiya Cəmiyyətinin keçmiş sədri Prof.Dr. Ferhan Öz, Özbekistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan Otorinolarinqologiya cəmiyyətlərinin sədrləri və digər tanınmış qulaq-burun-boğaz mütəxəssisləri yer almışlar.
Hörmətli Dostlar! Konqres Azərbaycan otorinolarinqologiyası tarixində keçiriləcək ən böyük elmi tədbir kimi tarixə düşəcək, həkimlərimizin elmi-praktik biliklərinin artırılmasında geniş rol oynayacaqdır. Sizləri bu gözəl, vacib elmi tədbirdə iştirak etməyə dəvət edir və bizlərlə bərabər olacağınıza inandığımızı bildirmək istəyirik.
Öncədən cəmiyyətimiz və birliyimiz adına sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Professor Nazim Hüseynov AOC sədri, konqres sədri
Dosent Ramil Həşimli СASOS baş katibi,konqres katibi
https://www.facebook.com/orlazerb/