Pharmed

OTIPAKS 40/10MG 15ML DAMLA

OTİPAKS    qulaq damcısı, məhlul OTIPAX

Tərkibi
Təsiredici maddə:  1 q məhlulun tərkibində 40 mq fenazon, 10 mq lidokain hidroxlorid vardır.
Köməkçi maddələr: natrium tiosulfat, susuz etanol, qliserin, təmizlənmiş su.

Təsviri
Alkoqol qoxusuna malik rəngsiz və ya solğun kəhrəba rəngli məhluldur.

Farmakoterapevtik qrupu
Otologiyada istifadə etmək üçün yerli iltihabəleyhinə və analgeziyaedici preparat.
ATC kodu: S02DA30.

Farmakoloji xüsusiyyətləri
OTİPAKS-ın tərkibində iki fəal maddə vardır: yerli anestetik olan lidokain və iltihabəleyhinə və ağrıkəsici xüsusiyyətlərə malik olan fenazon. Dərmanın təsiri (təbil pərdəsinin ağrısının və iltihabın azaldılması) damızdırıldıqdan 5 dəqiqə sonra başlayır, 15-30 dəqiqə ərzində ağrı keçib gedir.
İstifadəsinə göstərişlər
OTİPAKS təbil pərdəsinin zədələnmədiyi hallarda orta qulağın bəzi xəstəliklərinin yerli simptomatik müalicəsi üçün təyin edilir:
•    kəskin orta otit
•    qripin ağırlaşması nəticəsində otit
•    barotravmatik otit

Əks göstərişlər
Lidokainə və ya fenazona, yaxud bu preparatın tərkibində olan istənilən komponentə qarşı allergiya (yüksək həssaslıq).
Təbil pərdəsinin infeksion və ya travmatik mənşəli perforasiyası.

Xüsusi göstərişlər vəehtiyat tədbirləri
Əgər təbil pərdəsində dəlik vardırsa, bu dərman orta qulaqda əlavə təsirlərə səbəb ola bilər. Udmaq və ya nəfəslə içəri çəkmək olmaz.
Gözlərə və ya digər selikli qişalara düşməsinə yol verilməməlidir. Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin.
İdmançılar üçün informasiya: dopinq kontrolda müsbət reaksiya verə bilən aktiv komponentə malikdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
OTİPAKS yerli təsir etdiyindən digər dərmanlarla qarşılıqlı təsiri müşahidə edilməyib.
Əgər Siz son zamanlar istənilən digər dərman maddələri qəbul etmisinizsə, qəbul edirsinizsə və ya qəbul etməyə hazırlaşırsınızsa, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərmandan zərurət olduqda hamiləlik və ya laktasiya dövründə adi rejimdə istifadə edilə bilər. Əgər siz hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Otipaks nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası
Xarici qulaq keçəcəyinə damızdırılır.
-    Flakonun qapağını açın.
-    Damcıladıcını blisterdən çıxarın.
-    Damcıladıcını flakona birləşdirin.
-    Damcıladıcını açın.
-    Flakonu başı aşağı çevirin, pipeti ehtiyatla sıxaraq 1 damcını buraxın.
-    Pipeti sıxmağa davam edərək 4 damcı damızdırın.
-    Damcıladıcının üzərinə ağ qapağı keçirin. Müalicə kursu 10 gündən artıq olmamalıdır.
Böyüklər və həyatlarının ilk günündən etibarən uşaqlar: gündə 2-3 dəfə xarici qulaq dəliyinə 4 damcı damızdırılır.
Açıldıqdan sonra 1 ay ərzində istifadə edilməlidir.

Əlavə təsirləri
Bütün dərmanlar kimi bu dərman da bəzi şəxslərdə əlavə təsirlərə səbəb ola bilər.
Əlavə təsirlər nadir hallarda müşahidə edilir (1000 nəfərdən birində yarana bilər): allergiya, qulaq keçəcəyinin qıcıqlanması və ya qızarması kimi yerli reaksiyalar.Əgər sizdə, bu təlimatda göstərilməyən əlavə təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, həkiminizə və ya əczaçınıza bu barədə məlumat verin.
Doza həddinin aşılması
İstifadə qaydasına əməl edildiyi halda doza həddinin aşılması mümkün deyildir.

Buraxılış forması
15 ml preparat, kəhrəba rəngli şüşə flakonda. 1 flakon 1 ədəd blisterdə ayrıca qoyulmuş damcıladıcı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25C temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
 
İstehsalçı
BIOCODEX.
1 avenue Blaise Pascal, 60000 BEAUVAIS, FRANCE.

Qeydiyyat şəhadətnaməsinin sahibi
BIOCODEX

Ünvan
7 avenue Gallieni, 94250 GENTILLY, FRANCE.