Pharmed
MAGNIYA SULFAT 20GR PAKET
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
_______________________ 2023-cü il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MAQNEZİUM SULFAT daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz
MAGNESIUM SULFATE
Beynəlxalq patentləşdirilməmiş adı: Magnesium sulfate
Tərkibi
Təsiredici maddə: 1 paketdə 20 q maqnezium sulfat heptahidrat vardır.
Təsviri
Rəngsiz, havada aşınan, prizmatik kristallardır.
Farmakoterapevtik qrupu
İşlədici vasitə.
АТC kodu: A06AD04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Daxilə qəbul zamanı işlədici vasitə kimi təsir göstərir (preparatın bağırsaqda pis həll olması nəticəsində,
orada yüksək osmotik təzyiq yaranır, bağırsaqda suyun toplanması baş verir, bağırsağın möhtəviyyatı
durulaşır, peristaltika güclənir). Ödqovucu təsirə malikdir. Ağır metal duzları ilə zəhərlənmə zamanı
antidotdur.
Farmakokinetikası
Peroral qəbulu zamanı nazik və çənbər bağırsaqda pis sorulur (20%-dən çox olmamaqla), öddən,
pankreatik və bağırsaq şirələrindən reabsorbsiyaya məruz qalır. Malabsorbsiya sindromunda və piylərlə
zəngin qida qəbulu zamanı maqnezium ionlarının absorbsiyası aşağı düşür. Hüceyrədaxili zülallarla və
makroergik fosfatlarla birləşməsi 30 % təşkil edir. Qan plazmasında maksimal konsentrasiyaya 4 saatdan
sonra çatır. Maqnezium ionları sümüklərdə, skelet əzələlərində, böyrəklərdə, qaraciyərdə və miokardda;
az miqdarda toxuma mayelərində və eritrositlərdə toplanır. Hematoensefalik və plasentar baryerlərdən
keçir, ana südündə konsentrasiyası plazmada olduğundan 2 dəfə yüksək olur. Böyrəklər vasitəsilə və
nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
Qəbizliklər, diaqnostik manipulyasiyalardan əvvəl bağırsağın təmizlənməsi.
Ağır metal (civə, arsen, tetraetilqurğuşun, barium) duzları ilə zəhərlənmə.
Əks göstərişlər
Yüksək həssaslıq, appendisit, rektal qanaxma, bağırsaq keçməzliyi, mədə-bağırsaq sisteminin kəskin
iltihabi xəstəlikləri, dehidratasiya, hipermaqneziemiya, hamiləlik, laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürəyin blokadası, miokardın zədələnməsi, xroniki böyrək çatışmazlığı zamanı ehtiyatla istifadə etmək
lazımdır.
Dərman vaxtaşırı qəbul edilməlidir, sistematik istifadə tövsiyə edilmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Peroral antikoaqulyantların (o cümlədən, kumarin törəmələrinin və ya indandion derivatlarının), ürək
qlikozidlərinin, fenotiazinlərin (xüsusilə xlorpromazinin) effektini azaldır.
Siprofloksasinin, etidron turşusunun, tetrasiklin qrupu antibiotiklərinin (peroral tetrasiklinlərlə absorbsiya
olunmayan komplekslər əmələ gətirir) absorbsiyasını azaldır, streptomisinin və tobramisinin təsirini
zəiflədir (maqnezium tərkibli işlədici dərman preparatlarını yuxarıda qeyd edilən dərman vasitələrinin
istifadəsindən 1-2 saat sonra qəbul etmək lazımdır).
Kalsium preparatları ilə (çöküntü əmələ gətirir), etanolla (yüksək konsentrasiyalarda), karbonatlarla,
hidrokarbonatlarla və qələvi metalların fosfat duzları ilə, arsenat turşusunun duzları ilə, bariumla,
stronsiumla, klindamisin fosfatla, hidrokortizon natrium suksinatla, polimiksin B sulfatla, prokain
hidroxloridlə, salisilatlarla və tartratlarla farmasevtik cəhətdən uyuşmazdır (çöküntü əmələ gəlir).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişlidir. Əgər laktasiya dövründə dərman
vasitəsindən istifadə etmək lazımdırsa, dərman vasitəsini qəbul edərkən ana südü ilə qidalanma
dayandırılmalıdır.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə xəstələr nəqliyyat vasitələrini idarə etməkdən və artan konsentrasiyanı və psixomotor
reaksiyaların sürətini tələb edən digər potensial təhlükəli fəaliyyətlərlə məşğul olmaqdan
çəkinməlidirlər (diplopiya, başgicəllənmə, baş ağrısı inkişaf riski).
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir.
Böyüklərə sutkada 1 dəfə 20-25 q təyin edilir, preparatı əvvəlcədən 1 stəkan (200 ml) suda həll edərək
acqarına qəbul etmək lazımdır.
12 yaşdan böyük uşaqlara sutkada 1 dəfə 10 q təyin edilir. (½ stəkan suda).
6-12 yaşlı uşaqlara 5-10 q təyin edilir (daha doğrusu, 10 q preparatın ½ stəkan suda həll edilməsi ilə
hazırlanan məhlulun yarısından tam həcminə qədər).
6 yaşa qədər uşaqlarda preparat, yalnız həkimin təyinatına əsasən istifadə oluna bilər.
Uşaqlarda sutkalıq doza 1 yaşa 1 q hesabı ilə təyin edilir.
Preparatın imalə şəklində istifadəsi mümkündür (50-100 ml 20-30%-li məhlul).
Ağır metal duzları ilə zəhərlənmə zamanı mədə 1%-li maqnezium sulfat məhlulu ilə yuyulur və ya 20 q
preparat 1 stəkan (200 ml) suda həll edilərək daxilə qəbul edilir.
Əlavə təsirləri
Ürəkbulanma, qusma, ishal, mədə-bağırsaq sisteminin iltihabi xəstəliklərinin kəskinləşməsi, meteorizm,
spastik xarakterli abdominal ağrı, yanğı, elektrolit balansının pozulması (yüksək yorğunluq, asteniya,
şüurun dumanlanması, aritmiya, qıcolmalar), böyrək çatışmazlığı şəraitində hipermaqneziemiya
(hipermaqneziemiyanın erkən simptomları: bradikardiya, diplopiya, qəfləti “qanaxını”, baş ağrısı,
başgicəllənmə, arterial təzyiqin enməsi, ürəkbulanma, təngnəfəslik, dağınıq nitq, qusma, zəiflik).
Doza həddinin aşılması
Simptomları
Ağır diareya.
Müalicəsi
Simptomatikdir.
Buraxılış forması
Daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz.
10 q, 20 q və ya 25 q toz, kombinəolunmuş qablaşdırma materiallarından hazırlanmış termolehimlənmiş
paketlərdə.
Paketlər müvafiq sayda içlik vərəqələrlə birlikdə qrup qablaşdırmaya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“Tula Pharmaceutical factory” MMC.
Rusiya Federasiyası, 300004, Tula ş., Torxovski keçidi, ev 10.
Tel.:/Faks: (4872) 41-04-73.