Pharmed
LIVAROL 400MG N5 VAG SAM
LİVAROL
Beynəlxalq patentləşdirilməmiş adı: Ketoconazole
LİVAROL Tərkibi
Təsiredici maddə: 1 vaginal suppozitoriyanın tərkibində 400 mq ketokonazol vardır.
Köməkçi maddələr:butilhidroksianizol, makroqol qarışığı (makroqol 1500, makroqol 400).
Farmakoterapevtik qrupu
Göbələkəleyhinə vasitə.
ATC kodu: G01AF11.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Ketokonazol, imidazoldioksolan törəməsi olub, yerli istifadə üçün geniş spektr təsirinə malik
sintetik göbələkəleyhinə vasitədir. Dermatofitlərə (Trichophyton spp., Epidermophyton floccosum,
Microsporum spp.), maya göbələklərinə və maya göbələklərinə bənzər (Candida spp., Pityrosporum
spp., Torulopsis, Cryptococcus spp., dimorf göbələklər və eumisitlər) qarşı funqisid və funqistatik
təsir göstərir. Preparat stafilokokklara və streptokokklara qarşı aktivdir.
Təsir mexanizmi erqosterolun biosintezini zəiflətməkdən və göbələklərin membranalarının lipid
tərkibini dəyişdirməkdən ibarətdir.
Farmakokinetikası:
İntravaginal istifadə zamanı sistem absorbsiyası əhəmiyyətli dərəcədə deyil.
İstifadəsinə göstərişlər
Kəskin və xroniki residivləşən vaginal kandidozun müalicəsi.
Orqanizmin aşağı rezistentliyi zamanı və uşaqlıq yolunun mikroflorasını pozan antibakterial
vasitələr və digər preparatlarla müalicə fonunda uşaqlıq yolunun göbələk infeksiyalarının
yaranmasının profilaktikası.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər
uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xəstəliyin residivinin riskini azaltmaq məqsədilə cinsi partnyorun eyni vaxtda müalicə alması
məsləhət görülür.
Nadir hallarda cinsi partnyorda allergik reaksiyalar mümkündür (cinsiyyət orqanının hiperemiyası).
Müalicə bitdikdən sonra infeksiyanın klinik əlamətləri saxlandıqda, diaqnozu təsdiq etmək
məqsədilə təkrar mikrobioloji tədqiqat aparmaq lazımdır.
Suppozitoriyaların istifadəsi mexaniki kontrasepsiyanın (lateks tərkibli prezervativlər və vaginal
diafraqmalar) etibarlığını azalda bilər. Müalicə dövründə etibarlı kontrasepsiya üsulu seçmək
məsləhət görülür.
İnfeksiyanın təkrar inkişafı təhlükəsinin azaldılması üsulları:
● boş “nəfəsalan” geyimə və pambıq alt geyiminə üstünlük vermək lazımdır;
● yaş çimərlik geyimində uzun müddət gəzmək olmaz. İsti nəm mühit göbələklərin inkişafına
əlverişli şərait yaradır;
● yalnız şəxsi dəsmaldan istifadə edin. Nəm dəsmallar infeksiyanı saxlaya bilər;
● infeksiyanın anus nahiyəsindən uşaqlıq yoluna keçirilməsinə yol verməmək üçün öndən arxaya
istiqamətində silinin;
● vulva ətrafındakı dərini qıcıqlandıra bilən vanna üçün yağdan, qadınlar üçün gigiyenik spreylər
və kirşanlardan istifadədən çəkinmək lazımdır;
● çox şirniyyat yeməkdən çəkinmək lazımdır, bu, uşaqlıq yolunun pH-nı dəyişdirə və göbələyin
aktivləşməsi üçün şərait yarada bilər;
● hər gün tərkibində laktobakteriyalar olan turş-süd məhsulları qəbul etmək lazımdır;
● digər xəstəliklə əlaqədar antibiotik qəbul etmək lazım olduqda, hər zaman əl altında
göbələkəleyhinə vasitə olmalıdır;
● göbələk infeksiyasının müalicəsi zamanı cinsi əlaqədən çəkinmək lazımdır.
Preparatı istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır.
İçlik vərəqəni saxlamaq lazımdır, onu yenidən oxumaq lazım gələ bilər.
Əlavə sual yarandıqda, həkimə müraciət etmək lazımdır.
Bu dərman vasitəsi şəxsən Sizə təyin edilmişdir və onu digər şəxslərə vermək olmaz, belə ki, o, digər
şəxslərə zərər verə bilər, hətta onlardakı simptomlar Sizdə olduğu kimi olsa belə.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Az absorbsiya olması ilə əlaqədar intravaginal istifadəsi zamanı digər dərman vasitələrilə qarşılıqlı
təsiri az ehtimal edilir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ketokonazol preparatlarının qadınlarda hamiləlik dövründə və laktasiya dövründə istifadəsi barədə
klinik məlumatlar məhduddur.
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir.
Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda ana südü ilə qidalandırmanı
dayandırmaq lazımdır.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.
LİVAROL İstifadə qaydası və dozası
İntravaginal istifadə üçündür.
Suppozitoriyanı konturlu qablaşdırmadan şəkildə göstərildiyi kimi çıxarın (konturlu-yuvalı
qablaşdırma hər suppozitoriya üçün suppozitoriyanı zədələmədən onu asanlıqla və tez çıxarmağa
imkan verən xüsusi "qanadlarla" təchiz edilib).
Suppozitoriyanı bel üstə uzanmış vəziyyətdə uşaqlıq yoluna dərinə yeritmək lazımdır.
Xəstəliyin gedişatından asılı olaraq 3-5 gün ərzində 1 suppozitoriya təyin edilir.
Xroniki kandidoz zamanı 10 gün ərzində sutkada 1 suppozitoriya istifadə edilir.
Pasiyenti narahat edən simptomlar aradan qalxdıqda belə, müalicə kursunu özbaşına dayandırmaq
olmaz, belə ki, tamamlanmamış müalicə xəstəliyin xroniki formaya keçməsinə səbəb ola bilər.
Müalicə fonunda xəstəliyin simptomları saxlandıqda və ya gücləndikdə, müalicəni dayandırmaq və
həkimə müraciət etmək vacibdir.
Əlavə təsirləri
Hiperemiya və uşaqlıq yolunun selikli qişasının qıcıqlanması, uşaqlıq yolunda qaşınma. Allergik
reaksiyalar: dəri səpgisi, övrə.
Qeyd edilən istənilən əlavə təsirlərdən hər hansı dərinləşdikdə və ya təlimatda qeyd edilməyən
istənilən əlavə təsir müşahidə etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Preparatın tövsiyə edilən (terapevtik) dozada intravaginal istifadəsi zamanı az absorbsiya olması ilə
əlaqədar doza həddinin aşılması az ehtimal edilir.
Preparatın təsadüfən daxilə qəbulu zamanı zəhərlənmə simptomları mümkündür. Spesifik antidotu
yoxdur. Ehtiyac olduqda aktivləşdirilmiş kömür qəbul etmək və simptomatik terapiya aparmaq
lazımdır.
Buraxılış forması
Vaginal suppozitoriyalar 400 mq.
5 suppozitoriya polivinilxlorid örtüklü, polietilenlə laminatlaşdırılmış konturlu-yuvalı
qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birgə karton qutuya
qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.