Pharmed
KODEFRIN 115ML SRP
KODEFRİN
Beynəlxalq patentləşdirilməmiş adı: Triprolidin hydrochloride + Pseudoephedrin hydrochloride + Codeine fosfat
KODEFRİN Tərkibi
Təsiredici maddə: 5 ml məhlulun tərkibində 1,25 mq triprolidin hidroxlorid, 30 mq psevdoefedrin hidroxlorid, 5 mq kodein fosfat vardır. Köməkçi maddələr: təmizlənmiş su, saxaroza, qliserin, çiyələk dadlandırıcısı, natrium saxarin, natrium metilhidroksibenzoat, susuz limon turşusu, natrium propilhid- roksibenzoat.
Farmakoterapevtik qrupu
Yuxarı tənəffüs yollarının müalicəsində istifadə olunan vasitə.
ATC kodu: R06AX – Triprolidin; R01BA – Psevdoefedrin; R05DA – Kodein.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Psevdoefedrin birbaşa və dolayı yolla simpatomimetik aktivliyə malikdir və daxilə qəbul olunduqda yuxarı tənəffüs yollarının ödemini effektiv şəkildə aradan qaldırır. Psevdoefedrin efedrindən fərqli olaraq taxikardiyanın əmələ gəlməsinə və sistolik qan təzyiqinin artmasına daha az təsir göstərir və mərkəzi sinir sisteminin stimullaşdırılması halları daha az baş verir. Psevdoefedrinin ödeməleyhinə təsiri 30 dəqiqə ərzində baş verir və ən az 4 saat davam edir. Triprolidin H1-histamin reseptorlarını blokada edərək histaminin təsirini inhibə edir. Triprolidin histaminin təsirindən tam və ya qismən asılı olan əlamətləri aradan qaldırır. Kodein qaraciyər fermenti CYP2D6 tərəfindən aktiv metabolit olan morfinə çevrilir. Belə ki, morfin opioid reseptorların aqonisti olub, analgetik, öskürəkəleyhinə, diareyaəleyhinə təsir göstərir.
Farmakokinetikası: Psevdoefedrin daxilə qəbul edildikdən sonra tez və tamamilə sorulur. Plazmadan yarımxaricolma dövrü təxminən 5,5 saatdır. Psevdoefedrin qismən qaraciyərdə n-demetilləşmə yolu ilə metabolizmə uğrayır və nəticədə aktiv metaboliti norpsevdoefedrin əmələ gəlir. Psevdoefedrin və onun metabolitlərinin 55-90%-i sidiklə xaric olur. Triprolidin hidroxlorid daxilə qəbul edildikdən 2 saat sonra plazmada maksimal qatılığa çatır. Qaraciyərdə metabolizmə uğrayır. Sidiklə, əsasən metabolitlər şəklində xaric olur. Kodein fosfat peroral qəbuldan 1 saat sonra plazmada maksimal konsentrasiyaya çatır. Plazmadan yarımxaricolma dövrü təxminən 3-4 saatdır. Peroral qəbuldan sonra 24 saat ərzində 86%-i dəyişilməmiş və ya metabolitlər şəklində sidiklə xaric olur (böyük hissəsi metabolitlər şəklində). Fekaliyalarda kodeinin izinə rast gəlmək olar. Dəyişilməmiş şəkildə 6-8%-i sidiklə xaric olur. İstifadəsinə göstərişlər Şərbət tənəffüs yollarının quru və ya bəlğəmli öskürəklə müşayiət olunan xəstəlikləri zamanı və H1-histamin antaqonisti kimi yuxarı tənəffüs yollarının xəstəliklərinin əlamətlərini, məsələn, burunda və sinuslardakı ödemi aradan qaldırmaq üçün istifadə edilir.
Əks göstərişlər
Aşağıdakı hallar sizdə müşahidə olunursa, preparatı istifadə etməyin. Preparatın komponentlərinə, opioid qrupunun digər üzvlərinə və ya köməkçi maddələrə qarşı hiperhəssaslıq. 12 yaşdan kiçik uşaqlar. Müəyyən miqdar morfin qəbul edən şəxslərə kodein fosfat tərkibli preparatı qəbul etmək məsləhət deyil, belə ki, təsir etibarilə kodein morfinə yaxın olduğu üçün preparat ciddi əlavə təsirlərə səbəb ola bilər. Hamiləlik və laktasiya dövrü. Epilepsiya. Ağır hipertenziya, koronar arterial xəstəliklər, sidik saxlama qabiliyyətinin pozulması; Qlaukoma (yüksək gözdaxili təzyiq). Peptik xora xəstəliyi. Astmatik tutmalar. Siqaretçəkmə ilə müşayiət olunan davamlı və xroniki öskürək, astma, emfizema, yüksək bəlğəmlə müşayiət olunan öskürək. MAO inhibitorları ilə yanaşı müalicə zamanı, eyni zamanda müalicəni kəsdikdən 14 gün sonra. Ürək-damar xəstəlikləri: ürəyin işemik xəstəlikləri, hipertoniya. Şəkərli diabet. Kəskin böyrək çatışmazlığı. Feoxromositoma (böyrəküstü vəzin şişi). Qalxanabənzər vəzin hiperaktivliyi. Prostatın hiperplaziyası. Burun tutulmaları zamanı istifadə olunan spreylərlə yanaşı. Furazolidonla yanaşı. Keçmişdə və ya indi əziyyət çəkdiyiniz xəstəliklər: qaraciyər çatışmazlığı, kəllə-beyin travmaları, kəllədaxili təzyiq, bağırsaq keçməzliyi, alkoqolizm, diareya, antibiotiklə zəhərlənmə. Uşaqlar və 12-18 yaş arası yeniyetmələrdə tonzilo- və adenoidektomiya zamanı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat uşaqlar və 12-18 yaş arası yeniyetmələrdə müşahidə olunan respirator xəstəliklərin müalicəsində nəzərdə tutulmayıb. Nadir insanlarda kodein tez bir zamanda metabolizmə uğrayır. Bu zaman metabolitlər yüksək miqdarda toplana bilər və aşağıdakı ciddi əlavə təsirlərə səbəb ola bilər: tənəffüs çatışmazlığı, başgicəllənmə, yuxululuq, psixi pozğunluq. Belə hallarda təcili tibbi yardıma müraciət olunmalıdır! Uzunmüddətli istifadə asılılığa səbəb ola bilər. Preparatın istifadəsi görmə pozğunluğu yarada bilər. Həkim məsləhəti olmadan preparatı uzun müddət istifadə etmək olmaz. Preparat yaşlı şəxslərdə xüsusi ehtiyatla istifadə olunmalıdır. Aşağıdakı xəstəliklərdən əziyyət çəkirsinizsə, preparatla müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Keçmişdə və ya indi əziyyət çəkdiyiniz xəstəliklər Tənəffüs sisteminin xəstəlikləri (məsələn, astma). Ürək-damar sisteminin xəstəlikləri. Görmə sistemi xəstəlikləri (məsələn, qlaukoma). Qaraciyər və böyrək çatışmazlığı. Sidikçıxarıcı yolların pozğunluqları. Həzm sistemi pozğunluqları (məsələn, xora, diareya, kolit.). Qalxanabənzər vəzin xəstəlikləri. Prostat vəzin xəstəlikləri (məsələn, prostat vəzin hiperplaziyası, sidiyin xaric olmasının pozulması). Şəkərli diabet. Hipertoniya. Kəllə-beyin travması. Addison xəstəliyi. Öd kisəsi xəstəlikləri, öd kisəsi daşı. Qıcolma. Epilepsiya. Zəiflik. Əzələ zəifliyi (məsələn, miasteniya). Hipotoniya və ya şok vəziyyəti. Narkomaniya. Psixi xəstəliklər. Anestetiklərlə planlaşdırılan əməliyyatlar zamanı. Müəyyən qida və preparatlara qarşı hiperhəssaslıq.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əvvəlcədən istifadə etdiyiniz preparat haqqında həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır, xüsusilə: mərkəzi sinir sisteminə təsir göstərən preparatlar (məsələn, sedativ, yuxugətiricilər, antiepileptik preparatlar); antidepressantlar (məsələn, MAO inhibitorları, trisiklik antidepressantlar); antihipertenziv və ürək preparatları; antixolinergik preparatlar (məsələn, atropin); sinir sistemini stimullaşdırıcı preparatlar (məsələn, diqqət pozğunluğunda istifadə olunan preparatlar); antipsixotik preparatlar; diqoksin, quanidin; parkinson xəstəliyi zamanı istifadə olunan preparatlar; miqrenəleyhinə preparatlar (məsələn, çovdar mahmızının alkaloidləri); antasidlər; apraklonidin (qlaukomada istifadə olunur); öskürək və soyuqdəymədə istifadə olunan digər simpatomimetiklər; astmaəleyhinə istifadə olunan preparatlar; oksitosin; antihistaminlər; opioid antaqonistləri (məsələn, nalokson, naltrekson, buprenorfin); ümumi anestetiklər; narkotik analgetiklər; diareyaəleyhinə istifadə olunan preparatlar (məsələn, loperamid, kaolin); antiemetik preparatlar (məsələn, domperidon, metoklopramid) siprofloksasin (antibiotik); simetidin (mədənin xora xəstəliyində istifadə olunur); antiviral preparatlar (məsələn, ritonavir).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatı qəbul etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatla müalicə zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.
KODEFRİN İstifadə qaydası və dozası
Preparat həkim məsləhəti ilə qəbul olunmalıdır. Dozalanması və müalicə sxemi həkim tərəfindən təyin olunur. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: gündə 3 dəfə, hər 8 və ya 6 saatdan bir 10 ml. Tövsiyə olunmuş dozanı artırmaq olmaz. Preparat 12 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulmamışdır. Qeyd Maye formasında olan preparatları düzgün dozalamaq üçün xüsusi ölçü qabları, şpris və pipetkadan istifadə olunmalıdır. Düzgün dozalanma üsulu üçün əczaçıya müraciət edin, belə ki, preparatı evdə istifadə olunan qaşıqla dozalamaq düzgün deyil, çünki onların ölçüsü preparat üçün nəzərdə tutulan ölçü qabları ilə uyğun deyildir.
Müalicə müddəti
Preparatın təsirini 3 gün ərzində hiss etməsəniz, həkimə müraciət edin. Müalicə müddəti 5 gündən çox olmamalıdır. Preparatı qəbul etmək yaddan çıxdığı halda, sonrakı qəbulda ikiqat doza qəbul etmək olmaz. Həkim tərəfindən tövsiyə olunan müalicə sxeminə riayət edin. Preparatı qaranlıq yerdə qəbul etməyin və hər dəfə qəbul etməzdən qabaq dozalanmaya diqqət yetirin. Əlavə suallarla həkimə və ya əczaçıya müraciət edin. Preparat yemək vaxtı və ya yeməkdən sonra qəbul olunur. Preparatla müalicə zamanı spirtli içkilər qəbul etmək olmaz. Preparat yuxusuzluğa səbəb ola bilər, belə ki bunun qarşısını almaq üçün preparatı yatmazdan bir neçə saat əvvəl qəbul etmək lazımdır. Preparatı istifadə etməzdən əvvəl içliyi diqqətlə oxuyun. İçlik preparat haqqında qısa məlumatı özündə saxlayır. Əlavə suallarla həkimə və ya əczaçıya müraciət edin. Preparat sizin üçün təyin olunmuşdur. İstifadə üçün digər şəxslərə verməyiniz məsləhət görülmür, belə ki, sizin xəstəlikləriniz oxşar olsa belə, bu onların sağlamlığına mənfi təsir göstərə bilər. Preparat 12 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulmayıb. Preparat uşaqlar və 12-18 yaş arası yeniyetmələrdə müşahidə olunan respirator xəstəliklərdə nəzərdə tutulmayıb. Müəyyən miqdar morfin qəbul edən şəxslərə kodein fosfat tərkibli preparatı qəbul etmək məsləhət görülmür, belə ki, təsir etibarilə kodein morfinə yaxın olduğu üçün preparat ciddi əlavə təsirlərə səbəb ola bilər.
Əlavə təsirləri
Kodefrin şərbət digər preparatlar kimi əlavə təsirlərə səbəb ola bilər. Əlavə təsirləri oxuyub narahat olmayın. Belə ki, əlavə təsirlər sizdə müşahidə olunmaya bilər. Aşağıdakı hallar müşahidə olunarsa, preparatın qəbulunu dayandıraraq, həkimə müraciət edin. Tənəffüs çatışmazlığı, başgicəllənmə, yuxululuq, psixi pozğunluq. Temperaturun qalxması, üzün, boyunun, dilin şişməsi, ürəkgetmə, tər ifrazının artması, rəngin qızarması, övrə, qarın nahiyəsində qaşınma və ağrı. İkili görmə, göz önünün qaranlıqlaşması. Sidik xaric olmanın pozulması, ağrı. Sinir sistemi tərəfindən müşahidə olunan, halsızlıq, yorğunluq, başgicəllənmə, qıcolma, kəllədaxili təzyiqin artması, başağrısı, preparata qarşı tolerantlıq. Əhvalın dəyişməsi, depressiya, hallüsinasiya, qıcıqlanma, narahatlıq, oyanıqlıq, gecə kabusu. Ürək ritminin pozulması, qeyri-müntəzəm ürəkdöyünmə, arterial təzyiqin enməsi və ya qalxması. Əzələ zəifliyi, libidonun azalması, tənəffüsün çətinləşməsi, bədən temperaturunun aşağı düşməsi, tremor, yuxu pozğunluğu, ürəkbulanma, qusma, ağızda quruluq.
Digər əlavə təsirləri
Bədən temperaturunun artması, başgicəllənmə, ürəkdöyünmənin artması, qəbizlik, qlaukoma, periferik qan dövranının pozğunluğu (əllərin, ayaqların soyuması), yuxululuq, boğazda və burun boşluğunda quruluq.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı və ya uşağın təsadüfən preparatı qəbul etməsi zamanı tez bir müddətdə həkimə və ya təcili tibbi yardıma müraciət etmək lazımdır. Bu zaman orqanizmdə kəskin intoksikasiya halları, xəstədə əzginlik, başgicəllənmə və zəiflik baş verə bilər. Həmçinin ataksiya, arterial hipotenziya və tənəffüs çatışmazlığı müşahidə oluna bilər. Bununla yanaşı, dəri və selikli qişa quruyur, ürək döyüntüləri artır, tremor və qıcolmalar baş verir. Xəstənin həssaslığı və narahatlığı artır. Dozanın artıq təsirini aradan qaldırmaq üçün xəstənin mədəsini yumaq və tənəffüs funksiyasını normal saxlamaq üçün müalicəvi tədbirlər görmək lazımdır.
Buraxılış forması
115 ml məhlul, flakonda. 1 flakon, ölçü qabı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.