Pharmed
KLEEN ENEMA 120ML IMALE
KLİN ENEMA
KLİN ENEMA Tərkibi
Təsiredici maddə: 60 ml məhlulun tərkibinə daxildir: 9,6 q birəsaslı natrium fosfat, 3,6 q ikiəsaslı natrium fosfat; 120 ml məhlulun tərkibinə daxildir: 19,2 q birəsaslı natrium fosfat, 7,2 q ikiəsaslı natrium fosfat. Köməkçi maddələr: natrium benzoat, deionlaşdırılmış su.
Farmakoterapevtik qrupu
Natrium fosfat imaləsi.
ATC kodu: A06AG01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Kleen Enema qəbizliyin yumşaldılması üçün işlədici vasitə qismində və müxtəlif diaqnostik, cərrahi və terapevtik göstərişlər üzrə bağırsaqların boşaldılması üçün istifadə edilir. Kleen Enema bağırsağın tam və təhlükəsiz təmizlənməsini təmin edir və yoğun bağırsağın sol hissəsinin 2-5 dəqiqə ərzində ağrı və spazm olmadan tam boşalmasını təmin edir. Kleen Enema qəbizliyin yumşaldılması üçün adi imalə kimi, hamiləlik dövründə, doğuşa qədər və doğuşdan sonra rektal müayinəyə hazırlıq üçün, əməliyyatdan əvvəlki təmizləmə və əməliyyatdan sonrakı ümumi qulluq üçün, nəcis və barium kütlələrinin bağırsaqdan çıxarılması üçün istifadə edilə bilər. Fosfatlı imalə düz bağırsağa yeridildikdə duzlu işlədici vasitə kimi təsir edir. Bağırsağın aşağı hissələrində mayenin toplanması bağırsaqların genişlənməsinə gətirib çıxarır və bağırsaqların peristaltikasına və hərəkətinə səbəb olur, bu halda yalnız düz bağırsaq, siqmayabənzər bağırsaq və tam, yaxud qismən enən çənbər bağırsaq boşalır.
Farmakokinetikası: İkiəsaslı natrium fosfat və təkəsaslı natrium fosfat mədə-bağırsaq traktından pis sorulur və mayeni bağırsaq mənfəzində saxlayır. Düz bağırsaqdan imalə kimi yeridildikdə bağırsaqların sulu boşalmasına səbəb olur. Fosfatlı imalə təmizləyici təsir göstərir və adətən, 2-5 dəqiqə ərzində yoğun bağırsağın sol hissəsinin tam boşalmasını təmin edir.
İstifadəsinə göstərişlər
• Qəbizliyin yumşaldılması üçün.
• Rektal müayinədən, qarın boşluğunun rentgen müayinəsindən, çanaqda və qarın boşluğunda aparılan əməliyyatlardan, doğuşdan və s. əvvəl bağırsağın təmizlənməsi üçün.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Fosfatlı imalə aşağıdakı tibbi problemlər zamanı istifadə edilməməlidir: appendisit (və ya onun simptomları), bağırsaq keçməzliyi, xoralı kolit, ileit, ürək xəstəliyi, düz bağırsaq qanaxması, yüksək qan təzyiqi, böyrək xəstəliyi. 2 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Müqavimət hiss etdikdə istifadəni dayandırın, belə ki, güclə yeridilmə bağırsağın zədələnməsinə səbəb ola bilər. Bu məhsulu istifadə etdikdən sonra sizdə düz bağırsaqdan qanaxma baş vermişdirsə, bu preparatdan istifadəni dayandırın və həkimlə məsləhətləşin, çünki bu, ciddi bir vəziyyətin əlaməti ola bilər. Bu məhsulu istifadə etdikdən sonra 30 dəqiqə ərzində bağırsaqlarda hərəkətin olmaması da ciddi bir vəziyyətə işarə edə bilər. İstifadəni dayandırın və həkimlə məsləhətləşin. Əgər bədəninizin qəbul etdiyinizdən daha çox maye itirməsinin simptomlarını müşahidə edirsinizsə, istifadəni dayandırın və həkimə müraciət edin. Bu – dehidratasiya adlanır. Dehidratasiyanın erkən simptomları susuzluq hissi, başgicəllənmə, normaya nisbətən daha az sidik ifrazı və qusmadır. Əgər preparatdan istifadə etdikdən bir həftə sonra qəbizlik davam edirsə, həkiminizlə əlaqə saxlayın. Dehidratasiyalı və zəifləmiş xəstələrdə daxil edilən məhlulun həcmi diqqətlə müəyyənləşdirilməlidir, çünki məhlul hipertonik olduğundan, sonrakı susuzlaşmaya səbəb ola bilər. Məhlulu yeritdikdən sonra bağırsaq möhtəviyyatının boşalmasına diqqət etmək lazımdır. Qısa intervallarla təkrar istifadəsinə yol verilməməlidir. Həkim tərəfindən təyin edilmədiyi hallarda, işlədici dərmanlar bir həftədən artıq istifadə edilməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kalsium kanallarının blokatorlarını, diuretikləri, litium preparatlarını və ya elektrolitlərin səviyyəsinə təsir edə bilən digər dərmanları qəbul edən xəstələrdə ehtiyatla istifadə edilməlidir, çünki hiperfosfatemiya, hipokalsiemiya, hipokaliemiya, hipernatriemik dehidratasiya və asidoz baş verə bilər. Heç bir natrium fosfat preparatları, o cümlədən natrium fosfatın peroral məhlulu və ya həbləri bu dərmanla eyni zamanda verilməməlidir. Hipernatriemiya litiumun səviyyələrinin aşağı olması ilə əlaqədar olduğundan, fosfatlı imalənin litium müalicəsi ilə eyni zamanda istifadəsi qan zərdabında litiumun səviyyələrinin və litiumun effektivliyinin azalmasına səbəb ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Fosfatlı imalənin hamiləlik dövründə istifadəsi zamanı dölün inkişaf qüsurlarının və ya digər fetotoksik effektlərin yaranmasına dair məlumatlar mövcud olmadığından, fosfatlı imalədən yalnız həkimin göstərişi ilə doğuş zamanı və ya doğuşdan sonra istifadə edilməlidir. Natrium fosfat ana südünə keçə bildiyi üçün, fosfatlı imalənin istifadəsindən sonra ən azı 24 saat ərzində ana südünün sağılması və atılması tövsiyə edilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Öyrənilməmişdir.
KLİN ENEMA İstifadə qaydası və dozası
Sol tərəf üzərində uzanın və sağ ayağınızı diz oynağında qatlayın, yaxud diz oynağını döş qəfəsi istiqamətində yuxarı qatlayın, üzünüzü və qarnınızı aşağıya doğru əyin və əlləri rahat vəziyyətdə saxlayın. Hər iki vəziyyət ucluğun anal dəliyə rahat daxil edilməsinə şərait yaradır.
İmalənin yeridilməsi:
1. Qapağı burub açın və qoruyucu tıxacı çıxarın (qoruyucu tıxac nəqledilmə zamanı mayenin axmaması üçün nəzərdə tutulmuşdur). Qapağı yerinə qoyun.
2. İstifadə etməzdən əvvəl qoruyucu qapağı yağlanmış ucluqdan çıxarın. Ucluğu səliqə ilə, azacıq təzyiq etməklə, göbək istiqamətində düz bağırsağa yeridin.
3. İçərisindəki maye demək olar ki, tam boşalanadək flakonu sıxın.
4. Ucluğu düz bağırsaqdan çıxarın.
5. Sıxdıqdan sonra az miqdarda maye (15 ml) flakonda qalacaqdır. Flakonu bağırsağa tam boşaltmağa çalışmayın, çünki lazımi dozanın rahat yeridilməsi üçün flakonda bir qədər izafi (təxminən 15 ml) məhlul vardır. Bağırsağı boşaltmaq üçün tam hisslər yarananadək, təxminən 2-5 dəqiqə ərzində bədənin vəziyyətini olduğu kimi saxlayın. Böyüklər: 120 ml-lik bir flakon (daxil edilən doza) və ya müalicə həkiminin məsləhətinə uyğun. Uşaqlar (İki yaşdan yuxarı) Böyüklər üçün nəzərdə tutulmuş dozanın yarısı (60 ml) və ya müalicə həkiminin məsləhətinə uyğun. KleenEnema istifadə edidikdən təxminən 5 dəqiqə sonra bağırsağın boşalmasını təmin edir. Qəbizliyin yumşaldılması və bağırsaqların aşağı şöbələrinin təmizlənməsi üçün effektivdir.
Əlavə təsirləri
Kleen Enema göstərişlərə uyğun istifadə edildikdə orqanizm tərəfindən yaxşı keçirilir. Buna baxmayaraq, Kleen Enema imaləsinin istifadəsi ilə əlaqədar ola bilən əlavə təsirlər barədə məlumatlar mövcuddur. Bəzi hallarda, əlavə təsirlər meydana çıxa bilər, bunlara yüksək həssaslıq reaksiyaları, qaşınma, dehidratasiya, hiperfosfatemiya, hipokaliemiya, hipokalsiemiya, hipernatriemiya, metabolik asidoz, ürəkbulanma, qusma, qarında ağrı, qarında köp, ishal, mədə-bağırsaq traktında ağrı, titrəmə, qabarcıqlı səpgilər, yanğı hissi, anal nahiyədə diskomfort və proktalgiya aiddir.
Doza həddinin aşılması
Doza həddinin aşılması (24 saat ərzində birdən artıq imalə), imalə məhlulunun geri qayıtmaması, məhlulun bağırsaqda 10 dəqiqədən çox qalması və ya imalənin istifadəsindən sonra 30 dəqiqə ərzində bağırsaqlarda hərəkətin olmaması ağır elektrolit pozuntularına, o cümlədən hipernatriemiyaya, hiperfosfatemiyaya, hipokalsiemiyaya və hipokaliemiyaya, eləcə də dehidratasiyaya və hipovolemiyaya və onların sonrakı əlamətlərinə və simptomlarına (məsələn metabolik asidoza, böyrək çatışmazlığına və qıcolmalara), QT intervalının uzanmasına və / və ya daha ağır hallarda, multi-orqan çatışmazlığına, ürək aritmiyalarına / ürəyin dayanmasına və ölümə səbəb ola bilər. Preparatdan tövsiyə edilən dozadan artıq istifadə etmiş xəstələrə və ya bağırsaqlarında məhlulun 10 dəqiqədən artıq qaldığı xəstələrə diqqətlə nəzarət edilməlidir. Hər hansı xəstədə qusma və / və ya dehidratasiya əlamətləri inkişaf edərsə, prosedurdan sonra müəyyən göstəricilərin laboratoriya analizləri yerinə yetirilməlidir (fosfat, kalsium, kalium, natrium, kreatinin, YFS (Yumaqcıqların Filtrasiya Sürəti) və sidik cövhəri). Elektrolit balansının pozulmasının müalicəsi üçün müvafiq elektrolit və maye əvəzedici müalicə ilə təcili tibbi müdaxilə tələb oluna bilər.
Buraxılış forması
60 ml məhlul, plastik flakonda ( flakon qoruyucu qapaqla örtülmüş plastik ucluqludur və ucluq daxildən mayenin bir istiqamətli yeridilməsini təmin edən klapanla təhciz olunub).1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 120 ml məhlul, plastik flakonda ( flakon qoruyucu qapaqla örtülmüş plastik ucluqludur və ucluq daxildən mayenin bir istiqamətli yeridilməsini təmin edən klapanla təhciz olunub). 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.