Pharmed
INGALIPT 30ML SPREY (MIKROFARM)
İNHALİPT-N ağız boşluğu üçün sprey
INHALYPT-N
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə: 1 balonda 0,75 q həll olan streptosid, 0,75 q sulfatiazol natrium heksahidrat
vardır.
Köməkçi maddələr:timol, istiotlu nanə yağı, evkalipt yağı, qliserin, etanol 96%, polisorbat 80,
saxaroza, təmizlənmiş su.
Təsviri
Açıq-sarı rəngdən tünd-sarı rəngə qədər, şəffaf, spesifik qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Respirator sistemə təsir edən vasitə. Boğaz xəstəlikləri zamanı istifadə edilən preparatlar.
Antiseptiklər. Müxtəlif antiseptiklər.
ATC kodu: R02AA20.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
İnhalipt-N antibakterial və iltihabəleyhinə təsir, eləcə də, sərinləşdirici və yayındırıcı təsir
göstərir. Qeyd edilən farmakoloji xüsusiyyətlərin birləşməsi yuxarı tənəffüs yollarının və ağız
boşluğunun selikli qişasının iltihabi xəstəliklərinin kompleks patogenetik terapiyasını təmin edir.
İnhalipt-N orqanizmə ulserogen və ümumi toksik təsir göstərmir.
Farmakokinetikası
İnhalipt-N yerli istifadə üçün nəzərdə tutulub və başlıca olaraq iltihab ocağında terapevtik
konsentrasiya yaradır. Sistem qan dövranına qismən sulfanilamidlər (həll olan streptosid və
sulfatiazol natrium) sorulur ki, bu da, qan zülalları ilə geridönən birləşir: həll olan streptosid 12-
14%, sulfatiazol natrium 55%. Biotransformasiya prosesində sulfanilamidlərin asetilləşmiş
formaları yaranır ki, bunlar da, böyrəklər vasitəsilə xaric olur. Həll olan streptosidin
yarımxaricolma dövrü 10 saat, sulfatiazol natriumun isə 1,2 saat təşkil edir.
İstifadəsinə göstərişlər
LOR-orqanlarının və ağız boşluğunun infeksion-iltihabi xəstəliklərinin (tonzillit, faringit,
laringit, aftoz və xoralı stomatit) yerli müalicəsi.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, anamnezdə sulfanilamidlərə qarşı ağır
toksik-allergik reaksiyaların olması.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı istifadə etməzdən əvvəl allergiyaya meylli şəxslər həkimlə məsləhətləşməlidirlər.
Həkim məsləhəti olmadan müəyyən edilmiş vaxtdan artıq istifadə etmək olmaz.
Bu qrup preparatların istifadəsinə əvvəlki reaksiya barədə həkimə məlumat verilməlidir.
Preparatın gözlərə düşməsindən çəkinmək lazımdır.
İlk istifadədən əvvəl dispers şırnaq yaranana qədər ucluğun üstünə 7 dəfəyə qədər basmaq
lazımdır. Şırnaq yaranmadıqda, prosesi yenidən təkrar etmək olar.
Preparatın istifadəsindən əvvəl ağız boşluğunu ilıq qaynanmış su ilə yaxalamaq məsləhət
görülür. Ağız boşluğunun zədələnmiş nahiyəsindən (xora, eroziya) steril tamponun köməyilə
nekrotik ərpi təmizləmək lazımdır.
Ağız boşluğuna preparatın püskürdülməsindən sonra 15-30 dəqiqə ərzində qida qəbulundan
çəkinmək lazımdır.
Preparatın istifadəsindən sonra boğazlı püskürdücünü ştokdan çıxarmaq və onu ilıq su ilə yumaq
lazımdır. Balonu, onun çirklənməsinin qarşısını almaq üçün qoruyucu qapaqla bağlamaq
lazımdır.
Preparatın uşaqlarda istifadəsi zamanı nəzərə almaq lazımdır ki, 1-2 püskürtməyə alınan bir
dəfəlik dozanın tərkibində 0,0076-0,0152 ml etanol (96%) vardır ki, bu da, bir dəfəlik istifadə
təşkil edir: 3-5 yaşlı uşaqlarda (bədən çəkisi 15-21 kq) 0,0004-0,0013 ml/kq, 6-12 yaşlı
uşaqlarda (bədən çəkisi 21-38 kq) 0,0002-0,0007 ml/kq.
Dərman vasitəsinin tərkibində saxaroza vardır, fruktozaya qarşı nadir irsi dözümsüzlüyü,
qlükoza-qalaktoza malabsorbsiyası sindromu və ya saxaraza-izomaltaza çatışmazlığı olan
pasiyentlərdə bu preparatdan istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pasiyent hər hansı dərman vasitəsi qəbul etdiyi halda, preparatın sonrakı istifadəsinin
mümkünlüyü ilə bağlı mütləq həkimlə məsləhətləşməlidir.
Paraaminobenzoy turşusunun törəmələrilə (novokain, anestezin, dikain) eyni vaxtda istifadəsi
zamanı preparatın mikrobəleyhinə təsirinin zəifləməsi mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız həkim nəzarəti altında və fayda/risk
nisbəti qiymətləndirildikdən sonra dozalanma rejiminə ciddi riayət etməklə mümkündür.
Pediatriyada istifadəsi
Dərman vasitəsini 3 yaşa qədər uşaqlarda istifadə etmək olmaz. Tərkibində evkalipt və istiotlu
nanənin efir yağları olması ilə əlaqədar olaraq, reflektor bronxospazmın inkişafının mümkünlüyü
ilə bağlı 3 yaşdan yuxarı uşaqlarda ehtiyatla istifadə etmək lazımdır. Uşaqların müalicəsi həkim
müşahidəsi altında aparılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparat nəqliyyat idarə etmək və digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaq
qabiliyyətinə təsir etmir, lakin avtonəqliyyat idarə edən sürücülər alkoqolun təyini nəticələrini
təhrif edə bilməsini nəzərə almalıdırlar.
İstifadə qaydası və dozası
Böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda ağız boşluğunun selikli qişasında və püskürtmək yolu
ilə burun-udlaqda yerli istifadə edilir.
Böyüklərə püskürtmə sutkada 3-4 dəfə təyin edilir.
3 yaşdan yuxarı uşaqlarda həkimin xüsusi göstərişi olmadıqda, püskürtmə sutkada 1-2 dəfə
aparılır. Preparatın istifadəsinin müddəti xəstəliyin gedişatından asılıdır və adətən 3-10 sutka
təşkil edir.
İstifadəsinin tezliyi və müddəti həkim tərəfindən fərdi təyin edilir və xəstəliyin ağırlıq
dərəcəsindən asılıdır.
Balondan istifadə qaydası
1. Qoruyucu qapağı balondan çıxarmaq lazımdır.
2. Balona qutuya qablaşdırılan boğazlı ucluğu (püskürdücünü) əvvəlcədən onun təmizliyinə
əmin olmaqla, taxmaq lazımdır.
3. Balonu bir neçə dəfə çalxalayıb və dispers şırnaq yaranana qədər 7 dəfəyə qədər
püskürdücünün üzərinə basmaq lazımdır. Şırnaq yaranmadıqda, prosesi yenidən təkrar
etməyə icazə verilir.
4. Püskürdücünün sərbəst ucunu ağız boşluğuna yeritmək və balonu şaquli vəziyyətdə
saxlayaraq, püskürdücünün üstünə basmaq lazımdır. Bir seansa İnhalipt-N-nin 2-3
püskürdülməsi həyata keçirilir.
5. Püskürtmə bitdikdən sonra püskürdücünü balonun ştokundan cıxarmaq və çirklənmənin
qarşısını almaq üçün balonu qoruyucu qapaqla bağlamaq lazımdır.
6. Püskürdücünü təmiz saxlamaq lazımdır, preparatın istifadəsindən sonra onu ilıq su ilə
yumaq və isti yerdə qurutmaq lazımdır.
Əlavə təsirləri
İmmun sistemdə baş verən pozğunluqlar: angionevrotik ödem, bronxospazm daxil olmaqla,
allergik reaksiyalar.
Dəridə baş verən pozğunluqlar: səpgi, qaşınma, övrə, kontakt nahiyəsində ödem.
Həzm sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma, yerli effektlər (ağızda yanma,
boğazda yığıntı və ya qıcıqlanma).
Digər: ümumi zəiflik, tənəffüsün çətinləşməsi.
İstənilən əlavə təsirin və ya qeyri-adi reaksiyaların təzahürü zamanı preparatın sonrakı istifadəsi
ilə bağlı həkimlə məsləhətləşmək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeyd edilməyib. Əlavə təsirlərin effektinin güclənməsi
mümkündür.
Müalicəsi
Preparatın ləğv edilməsi, ağız boşluğunun qaynanmış ilıq su ilə yaxalanması.
Simptomatik terapiya.
Buraxılış forması
30 q məhlul, püskürdücü və qoruyucu qapaqlı balonda. 1 balon, içlik vərəqə ilə birlikdə karton
qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, oddan uzaq və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“Mikrofarm” MMC.
Ukrayna, 61013, Xarkov ş., Şevçenko k., 20.