Pharmed
DUFASTON 10MG N14 TB
DUFASTON® örtüklü tabletlər DUPHASTON®
Beynəlxalq patentləşdirilməmiş adı: Didrogesteron
DUFASTON Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq didrogesteron vardır;
Köməkçi maddələr: laktoza monohidrat, hipromelloza, qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid, maqnezium stearat;
Örtük: ağ opadri ОY-1-7000 (hipromelloza, polietilenqikol 400, titan dioksid (E171)).
Təsviri
Ağ rəngdə, girdə, iki tərəfi qabarıq, bir tərəfində bölünmə xətti olan və yarıya bölmə xəttinin hər iki tərəfində “155” həkk olunmuş örtüklü tabletlərdir.
Bölmə xətti ancaq tabletin iki hissəyə bölünməsinin və udulmasının asanlaşdırılması üçün nəzərdə tutulub, tabletin iki eyni dozaya bölünməsi üçün deyil.
Farmakoterapevtik qrupu
Progestagen.
ATC kodu: G03D B01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Didrogesteron daxilə qəbul edildikdə aktivləşən sintetik progesterondur. Didrogesteron peroral qəbul zamanı endometriuma selektiv təsir göstərir və bununla da estrogenlə hazırlanmış endometriumun hiperplaziyası və/və ya karsinogenez inkişaf riskinin artmasının qarşısını alır. Didrogesteronun estrogen, androgen, anabolik və kortikosteroid təsirləri yoxdur.
Didrogesteron ovulyasiyanı tormozlaşdırmır. Bu o deməkdir ki, reproduktiv yaşda olan qadınlarda didrogesteronun qəbulu zamanı hamilə qalma imkanı saxlanır.Menopauzadan sonrakı dövrdə uşaqlığı saxlanmış qadınlarda estrogenlərlə aparılan əvəzedici terapiya endometriumun hiperplaziyasının və endometriumun karsinomasının yaranma təhlükəsinin artmasına gətirib çıxardır. Müalicəyə progestagen əlavə edərək əlavə təhlükənin qarşısı alınır.
Uşaqlar
Didrogesteronun ilk menstruasiyaya qədər istifadəsi haqqında məlumat mövcud deyil. Didrogesteronun 12 yaşdan 18 yaşadək yeniyetmələr üçün təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.
Farmakokinetikası
Sorulması
Peroral istifadədən sonra örtüklü tabletlər şəklində didrogesteron sürətlə sorulur. Didrogesteronun əsas maddəsi üçün təxminən 3,2 nq/ml və onun aktiv metaboliti 20-alfa-dihidrodrogesteron DHD üçün 57 nq/ml maksimum plazma konsentrasiyası (Cmax) istifadədən 0,5-1,5 saat sonra əldə edilir. Maddələrin zamanla ümumi ekspozisiyası (AUC) didrogesteron və DHD üçün müvafiq olaraq təxminən 9,1 və 220 nq.s/ml təşkil edir.
Birdəfəlik dozadan sonra qida didrogesteronun qan plazmasında pik konsentrasiyasını təxminən 1 saat gecikdirir, nəticədə didrogesteronun və DHD-nun ekspozisiya dərəcəsinə təsir etmədən plazmadakı didrogesteronun pik konsentrasiyası təxminən 20% azalır.
Eyni vaxtda qida qəbulunun plazmadakı didrogesteronun pik konsentrasiyasına müşahidə olunan təsiri klinik cəhətdən əhəmiyyətsiz hesab olunur. Buna görə də, Duphaston® örtüklü tabletlər qida qəbulundan asılı olmayaraq istifadə oluna bilər.
Paylanması
Didrogesteronun peroral qəbulundan sonra görünən paylanma həcmi əhəmiyyətli dərəcədə olur və təxminən 22.000 litr təşkil edir. Didrogesteronun və dihidrogesteronun (DHD) 90%-dan artıq hissəsi plazma zülalları ilə birləşir.
Metabolizmi
Peroral qəbuldan sonra didrogesteron sürətlə DHD-yə metabolizə olunur. DHD-nin əsas aktiv metabolitinin konsentrasiyası didrogesteronla eyni vaxt intervalından sonra pik həddə çatır. DHD- nin plazma konsentrasiyası əsas maddədən əhəmiyyətli dərəcədə yüksəkdir. DHD-nin didrogesterona AUC və Cmax nisbətləri müvafiq olaraq təxminən 25 və 20-dir. Həm didrogesteronun, həm də DHD-nin orta yarımxaricolma dövrü təxminən 15 saatdır.
Bütün xarakterik metabolitlərin ümumi xüsusiyyəti, əsas maddənin 4,6-dien-3-quruluşunun qorunması və 17α-hidroksilləşmənin olmamasıdır, bu isə didrogesteronun estrogenik və androgen təsirinin olmamasını izah edir.
Xaric olması
Peroral qəbul zamanı dozanın ortalama 63%-i sidiklə xaric olunur. Didrogesteronun plazmadan görünən ümumi klirensi yüksəkdir və təxminən 20 l/dəq təşkil edir.Tam xaricolma 72 saatdan sonra baş verir. DHD sidiklə, əsasən qlükuron turşusu konjuqatı şəklində xaric olunur.
Dozadan və zamandan asılılıq
Birdəfəlik və çoxlu dozaların farmakokinetikası 2,5-20 mq diapazonda peroral doza qəbulu zamanı xəttidir. Birdəfəlik və çoxlu dozaların kinetikasının müqayisəsi göstərir ki, didrogesteron və DHD-nin farmakokinetikası təkrar qəbul zamanı dəyişmir. Tarazlıq vəziyyətinə üç günlük müalicədən sonra nail olunur.
İstifadəsinə göstərişlər
menstruasiya tsiklinin tənzimlənməsi; endometrioz;
dismenoreya;
lütein çatışmazlığı ilə şərtlənən sonsuzluq;
köməkçi reproduktiv texnologiyanın (KRT) tətbiqi zamanı lütein fazasının dəstəklənməsi; progesteron çatışmazlığı səbəbindən abort təhlükəsi;
progesteron çatışmazlığı səbəbindən adəti düşük.
İntakt uşaqlığa malik qadınlarda estrogenlə müalicəyə tsiklik əlavə olaraq “Duphaston®” 10 mq preparatı aşağıdakı hallarda istifadə oluna bilər:
menopauza dövründə endometriumun hiperplaziyasının yaranmasının qarşısının alınması üçün; disfunksional uşaqlıq qanaxmaları zamanı;
ikinci dərəcəli amenoreya zamanı.
Əks göstərişlər
Naməlum etiologiyalı vaginal qanaxma;
Əgər abort/uşaqsalma (hamiləliyin kəsilməsi) diaqnozu qoyulubsa, köməkçi reproduktiv texnologiyanın (KRT) tətbiqi zamanı, lütein fazasının dəstəklənməsi məqsədi ilə aparılan müalicə dayandırılmalıdır;hazırda və ya anamnezdə qaraciyər funksiyası göstəriciləri normaya qayıdana qədər ciddi qaraciyər xəstəliklərinin mövcud olması;
kompleks terapiyada estrogenlərin didrogesteron kimi progestagenlərlə birlikdə istifadəsinə əks göstəriş;
didrogesterona və ya hər hansı digər köməkçi (əlavə) maddəyə qarşı məlum yüksək həssaslıq; məlum və güman edilən hormondan asılı yenitörəmələr (məsələn: meningioma);
uşaq yaş dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Disfunksional uşaqlıq qanaxması səbəbi ilə didrogesteronla müalicəyə başlamazdan əvvəl orqanik səbəb istisna edilməlidir.
Müalicənin ilk aylarında güclü qanaxma və ya qanlı ifrazat ola bilər. Əgər güclü qanaxma və ya qanlı ifrazat müalicə dövründə və yaxud müalicə dayandırılandan sonra da davam edərsə, bunun səbəbi, zəruri hallarda bəd xassəli yenitörəmənin istisna olunması məqsədi ilə endometriumun biopsiyası vasitəsilə aydınlaşdırılmalıdır.
Əgər ilk istifadə zamanı aşağıda göstərilən simptomlardan biri yaranarsa və yaxud pisləşərsə, müalicənin dayandırılması ehtimalı nəzərdən keçirilməlidir:çox güclü başağrısı, miqren və yaxud baş-beyin işemiyasına işarə edə biləcək simptomlar; arterial təzyiqin hiss olunan dərəcədə yüksəlməsi;venoz tromboemboliyanın əlamətləri.
Adəti düşük və yaxud abort təhlükəsi hallarında dölün yaşama qabiliyyəti müəyyən edilməli, həmçinin müalicə müddəti ərzində hamiləliyin davam edib-etmədiyinə, embrionun yaşayıb- yaşamadığına nəzarət olunmalıdır.
Nəzarət tələb edən hallar
Cinsi hormonların hamiləlik dövründə və ya cinsi hormonların qəbul olunması zamanı yarana və yaxud pisləşə bilən aşağıda göstərilən nadir hallara təsir göstərə biləcəyi barədə məlumdur: xolestatik sarılıq, hamilələrdə aşkar olunan herpes, güclü qaşınma, otoskleroz və porfiriya.
Anamnezində depressiya olan pasiyentlər ciddi nəzarət altında olmalıdır; əgər ağır depressiya təkrarlanarsa, didrogesteronla müalicə dərhal dayandırılmalıdır.
“Menopauza dövründə endometriumun hiperplaziyasının yaranmasının qarşısını alma” göstərişi ilə əlaqəli Duphaston® preparatının istifadəsinə dair xəbərdarlıq və ehtiyat tədbirləri.
Həmçinin, estrogenin tibbi istifadəsinə dair təlimatda göstərilən xəbərdarlıqlara bax. Postmenopauzal simptomların müalicəsində əvəzedici hormonal terapiya (ƏHT) yalnız bu simptomlar yaşam keyfiyyətinə mənfi təsir etdiyi hallarda aparılmalıdır. Bütün hallarda ən azı ildə bir dəfə əvəzedici hormonal terapiyanın faydası və təhlükəsi dəqiqliklə qiymətləndirilməlidir. Ancaq faydası riskdən daha çox olduğu hallarda əvəzedici hormonal terapiya davam etdirilməlidir.
Tibbi baxış/sonrakı nəzarət
Əvəzedici hormonal terapiyaya (ƏHT) başlamazdan və yaxud fasilədən sonra yenidən müalicəyə başlamazdan əvvəl tam tibbi anamnez toplanılmalıdır (ailə anamnezi daxil olmaqla).
Anamnez məlumatlarını, əks göstərişləri və xəbərdarlıqları nəzərə alaraq obyektiv müayinə aparılmalıdır (o cümlədən ginekoloji müayinə və süd vəzilərinin müayinəsi). Müalicə zamanı tezliyi və xarakterinin pasiyentin fərdi xüsusiyyətlərindən asılı olduğu müntəzəm müayinələr aparılmalıdır. Qadınlar öz həkimlərinə bildirməli olduqları süd vəzilərində dəyişikliklər barədə məlumatlandırılmalıdır (aşağıda “Süd vəzi xərçəngi” paraqrafına bax).
Mammoqrafiya kimi vizualizasiya üsullarının daxil olduğu, süd vəzilərinin müayinəsi hər bir qadının vəziyyəti nəzərə alınmaqla, skrininq üçün cari tövsiyələrə uyğun olaraq aparılmalıdır.
Endometriumun hiperplaziya və karsinoması
Uşaqlığı olan qadınlarda estrogenlərin progesteron əlavə olunmadan uzunmüddətli istifadəsi endometriumun hiperplaziya və karsinomasının yaranma riskini artırır. Qəbul olunan estrogenin dozasından və müalicə müddətindən asılı olaraq estrogen qəbul etməyən qadınlarla müqayisədə bu risk 2-12 dəfə daha yüksək ola bilər. Estrogenlə müalicə başa çatandan risk ən azı 10 il müddətində qalmaqda davam edir. 28 günlük sikldə ayda ən azı 12 gün ərzində estrogenlə müalicəni və didrogesteron kimi progestogen qəbulunu kombinə etməklə bu əlavə riskin qarşısı alına bilər.
Müalicənin ilk aylarında güclü qanaxma və ya qanlı ifrazat ola bilər. Əgər güclü qanaxma və ya qanlı ifrazat müalicə dövründə və yaxud müalicə dayandırılandan sonra da davam edərsə, bunun səbəbi, zəruri hallarda bəd xassəli yenitörəmənin istisna olunması məqsədi ilə endometriumun biopsiyası vasitəsilə aydınlaşdırılmalıdır.
Süd vəzi xərçəngi
Bütün mövcud məlumatlar estrogen-progestogenlə kombinə olunmuş terapiya və ya yalnız estrogenlə əvəzedici hormonal terapiya alan qadınlarda süd vəzi xərçəngi riskinin artdığını göstərir. Bu risk əvəzedici hormonal terapiyanın müddətindən asılıdır.
Qarışıq estrogen-progestogen terapiyası:
Qadın Sağlamlığı Təşəbbüsü Araşdırması (WHI), randomizə edilmiş plasebo ilə idarə olunan tədqiqat və perspektivli epidemioloji tədqiqatların meta-analizi estrogen-progestogen əvəzedici terapiya alan qadınlarda süd vəzi xərçəngi riskinin artdığını göstərir. Bu, 3 il istifadədən sonra özünü büruzə verir. Geniş meta-analizin nəticələri göstərir ki, müalicənin dayandırılmasından sonra bu artan risk zamanla azalır və ilkin riskə qayıtmaq üçün tələb olunan vaxt əvvəlki əvəzedici hormonal terapiyanın müddətindən asılıdır. Belə terapiya 5 ildən çox davam edərsə, bu risk 10 il və daha çox davam edə bilər.Əvəzedici hormonal terapiya, xüsusilə estrogen-progestogenlə kombinə olunmuş terapiya, mamoqrafik təsvirlərin sıxlığını artırır, bu isə süd vəzi xərçənginin radioloji üsullarla müəyyən edilməsi imkanına mənfi təsir edə bilər.
Yumurtalıq xərçəngi
Süd vəzi xərçəngi ilə müqayisədə yumurtalıq xərçənginə daha nadir hallarda rast gəlinir.
Geniş meta-analiz nəticəsində əldə edilmiş epidemioloji məlumatlar estrogen monoterapiyası və ya ƏHT qismində progestogen ilə birlikdə estrogen terapiyası alan qadınlarda riskin bir qədər yüksək olduğunu göstərir. Bu risk 5 il ərzində istifadə zamanı özünü büruzə verir və qəbulun dayandırılmasından sonra tədricən azalır. Bəzi tədqiqatlar, o cümlədən WHI (ÜSİ) tədqiqatları göstərir ki, ƏHT kombinə preparatların istifadəsi eyni və ya bir qədər aşağı səviyyədə risklə əlaqəli ola bilər.
Venoz tromboemboliya
Əvəzedici hormonal terapiyanın aparılması venoz tromboemboliyanın (VTE), yəni dərin venaların trombozunun və ya ağciyər emboliyasının yaranma riskinin 1,3-3 dəfə artması ilə əlaqəlidir. Bu cür halların daha sonra deyil, əvəzedici hormonal terapiyanın ilk ilində yaranma ehtimalı daha yüksəkdir. Trombofiliyası olan pasiyentlər VTE-nin yaranma riskinin yüksək olduğu qrupa daxildir, belə hallarda ƏHT aparılması bu təhlükəni daha da artıra bilər. Bununla əlaqədar olaraq bu pasiyentlərə ƏHT təyin olunması əks göstərişdir.
Hamıya məlum olan VTE-nin yaranmasının risk amilləri aşağıdakılardır: estrogenlərin istifadəsi, ahıl yaş, geniş cərrahi müdaxilə, uzunmüddətli immobilizasiya, piylənmə (BKİ>30 kq/m2), hamiləlik/ doğuşdan sonrakı dövr, qırmızı qurd eşənəyi (SLE) və xərçəng. Venaların varikoz genişlənməsinin VTE-nın yaranmasında olan rolu haqda konsensus mövcud deyil.
Əməliyyatdan sonra bütün pasiyentlər üçün cərrahi müdaxilədən sonra VTE yaranmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi nəzərdə tutulmalıdır. Əgər planlaşdırılmış cərrahi müdaxilədən sonra uzunmüddətli immobilizasiya planlaşdırılırsa, ƏHT-nı əməliyyatdan 4-6 həftə əvvəl dayandırmaq məsləhət görülür. Müalicə ancaq qadının hərəkət qabiliyyəti tam bərpa olunduqdan sonra yenidən bərpa oluna bilər.
Fərdi anamnezində venoz tromboemboliya olmayan, lakin birinci dərəcəli qohumlarda anamnezdə cavan yaşlarda tromboz olan, skrininqin aparılması onun məhdudiyyətləri müzakirə olunduqdan sonra (skrininq vasitəsilə ancaq bir neçə trombofilik anomaliya aşkar oluna bilər) məsləhət görülə bilər. Əgər aşkar olunan trombofilik pozulma ailə üzvlərində trombozun yaranmasına gətirib çıxarıbsa və ya ciddi anomaliya ilə bağlıdırsa (məsələn, antitrombin çatışmazlığı, S zülal və ya C zülal çatışmazlığı və ya eyni zamanda bir neçə pozulma varsa), ƏHT-nın tətbiq olunması əks göstərişdir.
Artıq antikoaqulyant müalicə alan qadınlar üçün ƏHT-nın təyin olunmasından fayda və risk dəqiqliklə qiymətləndirilməlidir.
Əgər VTE müalicənin başlanılmasından sonra yaranarsa, preparatın qəbulu dayandırılmalıdır. Pasiyent tromboemboliya əlamətlərinin (məsələn, ayaqda ağrı ilə olan ödem, döş qəfəsində qəflətən yaranan ağrı, boğulma) yaranması halında dərhal həkimə müraciət etməli olduğu barədə məlumatlandırılmalıdır.
Ürəyin işemik xəstəliyi (ÜİX)
Randomizə olunmuş nəzarət olunan tədqiqatlar zamanı estrogen-progestagenlə kombinə olunmuş müalicə və ya yalnız estrogenlərlə əvəzedici hormonal terapiya alan, ürəyin işemik xəstəliyi olan və ya bu xəstəliyi olmayan qadınlarda miokard infarktından qorunma ilə bağlı sübutlar əldə olunmayıb. Estrogen və progestagenlə aparılan kompleks müalicə:
Estrogenlə progestagenin kombinasiyası şəkilində əvəzedici hormonal terapiyanın aparılması ürəyin işemik xəstəliyinın nisbi yaranma riskini bir qədər artırır. Ürəyin işemik xəstəliyinın ilkin mütləq yaranma riski əsasən yaşdan asılı olduğu üçün qadınlarda menopauzadan əvvəl estrogen-progestogen istifadəsi nəticəsində yaranan əlavə ürəyin işemik xəstəliyi hallarının sayı çox azdır, lakin onlar yaş artdıqca çoxalacaq.
İşemik insult
Kombinə olunmuş əvəzedici hormonal terapiyanın və ya yalnız estrogenlə əvəzedici hormonal terapiyanın tətbiq olunması işemik insultun yaranma riskinin 1,5 dəfə artması ilə əlaqəlidir. Nisbi risk yaş artdıqca və ya menopauzadan sonra keçmiş zamanla dəyişmir. Lakin işemik insultun yaranması üçün əsas risk yaşdan asılı olduğuna görə mütləq risk yaşla artır.
Köməkçi maddələr
Bu dərman vasitəsinin tərkibində laktoza monohidrat maddəsi var.
Nadir irsi pozuntularla (qalaktozaya qarşı dözümsüzlük, laktoza çatışmazlığı və ya qlükoza- qalaktozanın sovrulmasının pozulması sindromu) pasiyentlərin bu preparatı qəbul etməsi tövsiyə olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Laboratoriya şəraitində aparılmış tədqiqatların nəticələri göstərir ki, əsas metabolizm yolu insan sitozolunda 1С (AKR 1C) aldo-keto reduktaz vasitəsi ilə katalizə edilən, farmakoloji cəhətdən əsas aktiv metabolitin – 20α-hidrodidrogesteronun yaranmasına səbəb olur. Növbəti metabolik dəyişiklik sitoxrom P450 (CYP) izofermentlər sistemi, müstəsna hallarda isə CYP3A4 izofermentlərinin köməyi ilə həyata keçirilir və bu da bir neçə kiçik metabolitlərin yaranmasına səbəb olur. DHD-nun əsas aktiv metaboliti CYP3A4 izofermentləri vasitəsi ilə həyata keçirilən metabolik dəyişiklik üçün substratdır.
Buna görə də, didrogesteronun və DHD-nun metabolizmi bu izofermentlərin induksiya edə bilən maddələrlə bir yerdə istifadəsindən tezləşə bilər, bunlara misal olaraq: qıcolmaya qarşı vasitələr (məsələn, fenobarbital, fenitoin, karbamazepin), infeksiyaəleyhinə olan preparatlar (məsələn, rifampisin, rifabutin, nevirapin, efavirens) və tərkibində dazıotu (Hypericum perforatum) olan bitki preparatları.
Ritonavir və nelfinavir – sitoxrom fermentlərinin yaxşı tanınan güclü inhibitorlarıdır, lakin faktiki olaraq steroid hormonlarla yanaşı olaraq istifadə zamanı ferment induksiyaedici təsir göstərirlər.
Didrogesteronun metabolizminin tezləşməsi klinik olaraq müalicənin effektinin azalmasına və qanaxmanın xarakterinin dəyişilməsinə gətirib çıxarda bilər.In vitro aparılan tədqiqatlar göstərir ki, didrogesteron və dihidrodidgesteron klinik əhəmiyyətli konsentrasiyada dərman preparatlarının metabolizmində iştirak edən sitoxrom P450-nin fermentlərini nə induksiya, nə də inhibisiya etmirlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hesab olunur ki 10 milyondan çox hamilə qadın didrogesteron qəbul edib. Bu günə qədər didrogesteronun hamiləlik zamanı istifadəsinin zərərli təsiri haqda məlumat yoxdur. Ədəbiyyat mənbələrində aparılan tədqiqatın bəzi progesteronların istifadəsinin hipospadiyanin yaranma təhlükəsini artıra biləcəyini müəyyən etdiyi qeyd olunur. Lakin bu digər tədqiqatlarda bu günədək birmənalı olaraq təsdiq olunmadığı üçün progesteronların hipospadiya yaratmasına təsiri haqda yekun nəticəyə gəlmək olmur.
Hamiləliyin ilkin mərhələsində didrogesteronla müalicə alan məhdud sayda qadınlarla keçirilən klinik tədqiqatlarda təhlükənin artması halları qeydə alınmayıb. Hal-hazıra digər epidemioloji məlumatlar yoxdur.Klinik tədqiqatlardan öncə embrio-fetal və postnatal inkişafa olan qeydiyyata alınmış təsirləri farmakoloji profilə uyğundurlar. Arzuolunmaz təsirlər yalnız insan üçün maksimal təsir dozasından əhəmiyyətli dərəcədə artıq olan dozaların təsiri zamanı meydana çıxırdı. Hamiləlik dövründə xüsusi göstərişlər olduğu halda didrogesterondan istifadə oluna bilər.
Laktasiya
Didrogesteronun ana südünə kecməsi barədə məlumat yoxdur. Didrogesteronun ana südünə keçməsi haqda məsələ tədqiq olunmayıb. Digər progesteronların istifadə təcrübəsi göstərir ki, progesteronlar və onların metabolitləri ana südündə az miqdarda aşkar olunur. Uşaq üçün təhlükəli olub-olmamağı məlum deyil. Ona görə didrogesteron laktasiya dövründə istifadə olunmamalıdır.
Reproduktivlik
Didrogesteronun fertilliyə olan təsiri haqda məlumat yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Didrogesteron avtomobil idarə etmə və digər mexanizmlərlə işləmə qabiliyyətinə az təsir göstərir. Nadir hallarda didrogesteron yüngül yuxululuq və/və ya başgicəllənmə yarada bilər, xüsusən də qəbul ediləndən sonrakı bir saat ərzində. Beləliklə nəqliyyat vasitəsini idarə edən zaman və müxtəlif mexanizmlərdən istifadə zamanı ehtiyatlı olmaq tələb olunur.
DUFASTON İstifadə qaydası və dozası
Dozası
Duphaston® preparatı ilə müalicə zamanı aşağıdakı doza rejimlərinin qəbul edilməsi tövsiyə olunur. Doza xəstəliyin fəsadlaşması və pasiyentlərin müalicəyə fərdi reaksiyasına uyğun şəkildə seçilməlidir.
Menstrual tsiklin tənzimlənməsi
Tsiklin 11-25-ci günlərində gündə 1 tablet qəbul etməklə 28 günlük tsiklə nail olmaq mümkündür.
Endometrioz
Tsiklin 5-25-ci günlərində və ya fasiləsiz rejimdə gündə 1-3 tablet. Gündə bir neçə dəfə 10 mq dozasını gün ərzində bərabər paylamaq lazımdır. Müalicənin əvvəlində ən maksimal dozanı təyin etmək tövsiyə olunur.
Dismenoreya
Tsiklin 5-25-ci günlərində gündə 1-2 tablet. Gündə bir neçə dəfə 10 mq dozasını gün ərzində bərabər paylamaq lazımdır. Müalicəyə ən yüksək dozadan başlamaq tövsiyə olunur.
Lütein çatışmazlığı ilə şərtlənən sonsuzluq
Tsiklin 14-25-ci günlərində gündə 1 tablet.
Müalicəni minimum 6 ardıcıl tsikl ərzində davam etdirmək lazımdır.
Adi düşük göstəriciləri zamanı, müalicəni hamiləliyin ilk aylarında tövsiyə olunan dozalarda məqsədyönlü şəkildə davam etdirmək məsləhət görülür.
Köməkçi reproduktiv texnologiyanın (KRT) tətbiqi zamanı lütein fazasının dəstəklənməsi
1 ədəd “Duphaston” tableti gündə üç dəfə (sutkada 30 mq) qəbul edilməlidir.
Müalicə yumurta hüceyrələrinin toplandığı gündən başlayır və əgər hamiləlik təsdiq edilərsə, 10 həftə ərzində davam etdirilir.
Progeteron çatışmazlığı nəticəsində yaranan abort təhlükəsi
Başlanğıc doza: bir dəfəlik 4 tablet, və sonra hər 8 saatdan bir 1 tablet qəbul etməklə davam etmək. 10 mq-lıq dozaların gün ərzində bir neçə dəfə təkrar qəbulu zamanı onlar arasında interval bərabər olmalıdır. Müalicəni ən yüksək doza ilə başlamaq tövsiyə olunur.
Əgər simptomlar özünü göstərməkdə davam edirsə və yaxud müalicə zamanı təkrar əmələ gəlirsə, doza hər 8 saatdan bir 1 tablet qəbuluna qədər qaldırılmalıdır.
Simptomlar tam keçib gedəndən sonra effektiv dozanı 1 həftə ərzində davam etdirmək tövsiyə olunur; tədricən doza azaldıla bilər. Simptomlar təkrar özünü büruzə verərsə, müalicə dərhal effektiv doza ilə bərpa olunmalıdır.
Progeteron çatışmazlığı nəticəsində yaranan adəti düşük
Hamiləliyin 20-ci həftəsinə kimi gündə 1 tablet; doza tədricən azaldıla bilər. Müalicəyə hamiləlikdən əvvəl başlamaq lazımdır.
Əgər düşük təhlükəsi əlamətləri müalicə zamanı yaranarsa, müalicə abort (uşaqsalma) riskinə müvafiq olan göstərişlərə uyğun aparılmalıdır.
Disfunksional uşaqlıq qanaxması
Disfunksional uşaqlıq qanaxmasını dayandırmaq üçün 5-7 gün ərzində gündə 2 tablet qəbul etmək lazımdır. Bir necə günə qanitirmə hiss olunan dərəcədə azalır. Müalicə başa çatandan bir neçə gün sonra müalicənin kəsilməsi ilə bağlı olan qanaxma olur, pasiyent bu haqda məlumatlandırılmalıdır. Gələcəkdə yarana biləcək güclü uşaqlıq qanaxmanın qarşısını almaq üçün tsiklin 11-ci günündən 25-ci gününədək gündə 1 tablet təyin olunur, əgər göstəriş olarsa 2-3 tsikl ərzində estrogenlə kombinasiya şəkilində. Bundan sonra, pasientdə normal tsiklin bərpa olunduğundan əmin olmaq üçün müalicə dayandırıla bilər.
İkincili amenoreya
Endogen və ekzogen estrogenlərlə hazırlanmış endometriyin optimal sekretor transformasiyası üçün tsiklin 11-ci günündən 25-ci gününədək gündə 1-2 tablet.
Menopauza dövründə endometriya hiperplaziyasının yaranmasının qarşısının alınması
Hər 28-günlük estrogenlə aparılan müalicə tsikli zamanı ilk 14 gün ərzində estrogen ayrılıqda qəbul edilir, növbəti 14 gün ərzində isə estrogenlə müalicəyə əlavə olaraq, gündə 1 dəfə 1-2 tablet 10 mq didrogesteron qəbul edilir. Gündə iki 10 mq-lıq dozada tablet qəbul olunduqda, onların gün ərzində qəbul intervalı bərabər olmalıdır. Müalicənin dayandırılması ilə bağlı qanaxmalar adətən didrogesteron qəbulu zamanı baş verir.
Postmenopauza dövründə qadınlarda kompleks şəkilində aparılan estrogen/progesteronla müalicə arzu olunan terapevtik məqsədlərə nail olmaq üçün minimal effektiv doza və qısa müddətli şəkildə aparılmalıdır, və bu zaman hər qadın üçün risklər mütəmadi olaraq qiymətləndirilməlidir (“Xüsusi göstərişlər” bölməsinə bax).
Uşaqlar
Didrogesteronun ilk menstruasiyadan əvvəl olan istifadəsi haqda məlumatlar yoxdur. Didrogesteronun 12-18 yaş arası yeniyetmələrdə istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb.
İstifadə qaydası
Peroral istifadə üçün.
Yüksək doza qəbul olunduqda gün ərzində tabletlərin qəbulu arasındakı interval eyni olmalıdır.
Əlavə təsirləri
Estrogenin istifadəsinə ehtiyac olmayan göstərişlərlə aparılan klinik tədqiqatlar zamanı didrogesteronla müalicə olunan pasiyentlərdə tez-tez rast gəlinən aşağıdakı arzuolunmaz təsirlər meydana gəlib: vaginal qanaxma, metrorragiya, ürəkbulanma, qusma, qarın ağrısı, süd vəzilərində ağrı/həssaslığın artması və miqren/baş ağrısı.
Aşağıda göstərilən arzuolunmaz təsirlər estrogenin istifadəsinə ehtiyac olmayan göstərişlərdə didrogesteronla müalicə zamanı aparılan klinik tədqiqatların nəticəsi (n=3483) didrogesteron ilə ART müalicəsinin bir hissəsi kimi sarı cismin funksiyasının saxlanmasına dair şirkət tərəfindən maliyyələşdirilən iki intervensiya klinik tədqiqatında (n = 1036) göstərilən baş vermə tezliyi ilə qeydə alınıb, və bu haqda spontan məlumatlar daxil olub.
Tezlik ən mühafizəkar yanaşmaya əsaslanır.Haqqında spontan məlumat verilən, ancaq klinik tədqiqat zamanı qeydiyyata alınmayan arzuolunmaz təsirlər, nəzərə alaraq ki, gözlənilən tezliyin etibarlıq intervalının 95% yuxarı sərhəti 3/x-dan artıq olmadığı üçün, x=3483 (klinik tədqiqatda iştirak etmiş pasiyentlərin ümumi sayı) “nadir halda” baş verən kimi qiymətləndirilir.
Estrogen-progesteronla aparılan müalicə zamanı yarana bilən arzuolunmaz təsirlər (həmçinin “Xüsusi göstərişlər” bölməsinə və estrogen preparatının istifadəsinə dair təlimatda olan məlumata da bax):süd vəzisinin xərçəngi, endometrim hiperplaziyası, endometrium karsinoması, yumurtalıqların xərçəngi;venoz tromboemboliya;ürəyin infarktı, ürəyin işemik xəstəliyi, işemik insult.
LOTUS I və LOTUS II-nin klinik tədqiqatları aşağıdakıları göstərmişdir.
Gündəlik 30 mq oral didrogesteronun və gündə 600 mq intravaginal mikronizasiya olunmuş progesteron kapsulalarının effektivliyini, təhlükəsizliyini və dözümlülüyünü müqayisə edən iki paralel qrupu olan ikiqat kor, randomizə edilmiş, iki sahəli çox mərkəzli bir tədqiqat (in vitro mayalanma dövrlərində lütein fazasını dəstəkləmək üçün (LOTUS I)).
Ekstrakorporal mayalanma dövründə lütein fazasına dəstək vermək üçün gündə 30 mq oral vaginal didrogesteronun və gündə 90 mq vaginal progesteron gelinin effektivliyini,təhlükəsizliyini və dözümlülüyünü müqayisə edən randomizə edilmiş, açıq, çox mərkəzli, iki paralel qrup tədqiqatı.
Tədqiqatın əsas məqsədinə nail olundu– peroral didrogesteronun mikronizə olunmuş progesteronun intravaginal olaraq fetal ürək döyüntülərin olması ilə əlaqədar olaraq, hamiləliyin 12 həftəsinə (10 həftəlik hamiləlik) nisbətən təsirli olduğunu nümayiş etdirmək.
Xəstə qruplarının araşdırmalarına əsasən, hamiləliyin 12 həftəlik hamiləliyin davam etməsi (10 həftəlik hamiləlik) 37,6% və 33,1% (LOTUS I) və 36,7% və 34,7% (LOTUS II) idi. İki qrup arasında hamiləliyin davam etmə tezliyindəki fərq 4,7 (% 95 CI, -1.2; 10.6) (LOTUS I) və 2,0 (% 95 CI, -4.0; 8.0) (LOTUS II) idi.
Tədqiq olunan dərmanın ən azı bir dozası yeridilən 1029 xəstənin (LOTUS I) və 1030 xəstənin (LOTUS II) təhlükəsizlik qiymətləndirmə nümunəsi arasında ən çox görülən NEP-nin tezliyi hər iki qrupda da eyni idi.
Tədqiq olunan xəstə populyasiyasının təbiətinə görə bir sıra erkən abortlar/düşük mümkündür; Xüsusilə, 12 həftəlik hamiləlikdən əvvəl (10 həftəlik hamiləlik), çünki bu anda gözlənilən hamiləlik nisbəti təxminən 35%-dir.
Hər iki LOTUS tədqiqatında təhlükəsizlik profili didrogesteronun yaxşı qurulmuş təhlükəsizlik profilini və populyasiyanı/müalicə göstəricisini nəzərə alır.
Doza həddinin aşılması
Simptomları
Didrogesteron – çox az toksik qabiliyyətə malik olan maddədir. Ürəkbulanma, qusma, yuxululuq və başgicəllənmə nəzəri olaraq dozanın həddi aşması zamanı yarana bilən simptomlardır. Didrogesteronla aparılan müalicədə doza həddinin aşılması hallarında zərərli təsirlərin yaranması haqda məlumat yoxdur.
Müalicəsi
Xüsusi müalicə tələb olunmur. Doza həddinin aşılması hallarında da simptomatik müalicənin aparılması mümkündür.
Buraxılış forması
20 və ya 14 tablet, alüminium folqa və PVC örtükdən olan blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°С-dən aşağı temperaturda, orijinal qablaşdırmada, günəş işığı düşməyən və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Abbott Biologicals B.V.”, Niderland Krallığı.
Ünvan
Veerweg 12, 8121 AA Olst, The Netherlands (Niderland Krallığı).
Zəhmət olmasa preparatın qəbulu zamanı müşahidə etdiyiniz arzuolunmaz hallar haqqında məlumatı və ya preparatın keyfiyyətinə dair şikayətinizi telefon vasitəsilə “Abbott” şirkətinə təqdim edin (24 saat).
Tel.: +380 44 498 6080 və ya e-poçt: pv.cis@abbott.com.