PharmEd

Pharmed

BENEVRON-BF N20 TB

BENEVRON BF

 

BENEVRON BF Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 250 mq tiamin mononitrat (B1 vitamini), 200 mq piridoksin hidroxlorid (B6 vitamini), riboflavin hesabı ilə 15 mq riboflavin fosfat natrium (B2 vitamini), 0,50 mq fol turşusu (B9 vitamini), 0,25 mq sianokobalamin (B12 vitamini) vardır. Köməkçi maddələr: povidon K30, mikrokristallik sellüloza, kalsium hidrofosfat dihidrat, susuz kolloidal silisium dioksid, natrium metabisulfit, dinatrium edetat, limon turşusu monohidrat, natrium sitrat, natrium metilhidroksibenzoat, natrium propilhidroksibenzoat, kroskarmelloza natrium, maqnezium stearat. Örtük: hipromelloza, talk, qırmızı Akril-İZ 930250004 (metakril turşusunun sopolimeri, talk, ponso 4R lakı, sarı sanset FCF alüminium lakı, trietilsitrat, silisium dioksid, natrium hidrokarbonat, natrium laurilsulfat).

 

Farmakoterapevtik qrupu

B qrupu vitamin kompleksi.

ATC kodu: A11EA.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası: Benevron BF kombinəolunmuş preparat olub, təsiri tərkibinə daxil olan komponentlərin xüsusiyyətlərilə əlaqədardır. B1 vitamini (tiamin mononitrat) orqanizmin böyüməsi və inkişafına səbəb olan hüceyrə energetiki hesab edilir, əqli və fiziki iş qabiliyyətini artırır, detoksikasiyaedici təsir göstərir, eləcə də, sinir toxumasının metabolizmini yaxşılaşdırır. Tiamin qaraciyərdə fosforlaşma prosesinin nəticəsində kokarboksilazaya çevrilir ki, bu da, bir çox ferment reaksiyaların kofermentidir. B1 vitamini karbohidratların, zülalların və yağ mübadiləsinin tənzimlənməsində vacib rol oynayır, eləcə də, sinapslarda sinir oyanıqlığının keçirilməsi prosesində, anemik miokardiodistrofiyalarda miokardiositlərin metabolizminin və onların yığılma funksiyasının yaxşılaşmasına səbəb olur. B6 vitamini (piridoksin hidroxlorid) orqanizm tərəfindən doymamış yağ turşularının istifadəsini yaxşılaşdırır, sinir sistemi, qaraciyər, qanyaranma funksiyalarına müsbət təsir göstərir. Piridoksin sinir-əzələ keçiriciliyini və əzələlərin yığılmasını normallaşdıran, qıcolmaların inkişafına mane olan, kükürd tərkibli amin turşusu – taurinin sintezinə səbəb olur. Triptofan, metionin, sistein, qlütamin və digər amin turşularının mübadiləsində iştirak edir, histamin mübadiləsində mühüm rol oynayır. Lipid mübadiləsinin normallaşmasına səbəb olur. Piridoksinin çatışmazlığı anemiyaya, dermatitə və qıcolmaya gətirib çıxarır. B2 vitamini (riboflavin) hüceyrə tənəffüsü və görmə qavraması proseslərinin vacib katalizatorudur. Riboflavin oksidləşmə-bərpa proseslərini tənzimləyir, hidrogen ionlarının daşınmasında, toxuma tənəffüsündə, karbohidrat, zülal və yağ mübadiləsində, görmə orqanının normal funksiyasının dəstəklənməsində, hemoqlobinin və eritropoetinin sintezində iştirak edir. B9 vitamini (fol turşusu) bağırsaq mikroflorası tərəfindən sintez oluna bilər. Orqanizmdə fol turşusu tetrahidrofol turşusuna qədər bərpa olur ki, bu da, müxtəlif metabolik proseslərdə iştirak edən koenzimdir. Fol turşusu meqablastların normal yetişməsi və normoblastların yaranması üçün vacibdir, eritropoezi stimullaşdırır, amin turşuların sintezində (o cümlədən, qlisinin, metioninin), nuklein turşularının, purinlərin, pirimidinlərin, xolinin, histidinin mübadiləsində iştirak edir. B12 vitamini (sianokobalamin) orqanizmin həyat fəaliyyətini təmin edən bir sıra biokimyəvi reaksiyalarda (metil qruplarının daşınması, nuklein turşularının, zülalların, amin turşuların, karbohidratların, lipidlərin sintezi) iştirak edir. Sianokobalamin normal qanyaranma və eritrositlərin yetişməsi üçün vacibdir. O, eritrositlərdə tərkibində sulfhidril qrupları olan birləşmələrin toplanmasına şərait yaradır ki, bu da, onların hemolizə qarşı dözümlüyünü artırır. Sianokobalaminin koferment formaları-metilkobalamin və adenozilkobalamin-hüceyrələrin replikasiyası və inkişafı üçün vacibdir. Sianokobalamin sinir sistemində gedən proseslərə (RNT, DNT, mielin sintezi, serebrozid və fosfolipidlərin lipid tərkibi) təsir edir, onun periferik sinir sisteminin zədələnməsi ilə əlaqəli ağrı hissini azaldır. B12 vitamini qanda xolesterinin konsentrasiyasını azaldır, qaraciyər funksiyasına müsbət təsir göstərir, toxumaların regenerativ qabiliyyətini artırır.

Farmakokinetikası: B1 vitamini (tiamin mononitrat) bağırsağın yuxarı şöbəsində absorbsiya olur və orqanizmdə bərabər surətdə paylanır, absorbsiyanın səviyyəsi dozadan asılıdır. Tiamin əsasən qaraciyərdə, ürəkdə, beyində, böyrəklərdə, dalaqda toplanır. Ümumi miqdarın yarısı eninəzolaqlı əzələdə və miokardda və təqribən 40%-i daxili orqanlarda toplanır. B1 vitamini plasentar baryerdən keçir və ana südündə aşkar edilir. Qaraciyərdə tiamin fosforlaşmaya məruz qalır, bu zaman daha çox koenzim aktivliyə malik aktiv fosfor efiri tiamindifosfatdır. Bağırsaq və böyrəklər vasitəsilə xaric olur, yarımxaricolma dövrü təqribən 4 saat təşkil edir. B6 vitamini (piridoksin hidroxlorid) nazik bağırsaqda sürətlə absorbsiya olur. Piridoksin farmakoloji fəal metabolitlərin (piridoksalfosfat və piridoksaminofosfat) yaranması ilə qaraciyərdə metabolizmə uğrayır. Bütün toxumalara yaxşı nüfuz edir: əsasən qaraciyərdə, az miqdarda mərkəzi sinir sistemində və əzələlərdə toplanır. Plasentadan keçir, ana südündə aşkar olunur. Yarımxaricolma dövrü: 15-20 gündür. Böyrəklər vasitəsilə, eləcə də, hemodializ zamanı xaric olur. B2 vitamini (riboflavin) bütün orqan və toxumalarda asan paylanır, qaraciyərdə, böyrəklərdə və miokardda depolaşır. Plasentadan keçərək, ana südünə nüfuz edir. Riboflavin böyrəklər vasitəsilə əsasən dəyişilməmiş şəkildə xaric olur. Orqanizmdə vitaminin normal miqdarda olduğu zaman sutka ərzində sidiklə yeridilən dozanın təqribən 9%-i xaric olur, qalan hissəsi isə böyrək kanalcıqlarında reabsorbsiya olunur; həddindən artıq yeridilməsi zamanı ekskresiya artır və sidik sarı rəngə boyanır. B9 vitamini (fol turşusu) mədə-bağırsaq sistemində, əsasən onikibarmaq bağırsağın yuxarı şöbəsində yaxşı sorulur. Qan plazmasında maksimal konsentrasiyaya 30-60 dəqiqədən sonra çatır. Fol turşusu intensiv şəkildə plazma zülalları ilə birləşir, hematoensefalik baryerdən, plasentar baryerdən keçir və ana südünə nüfuz edir. B9 vitamini tetrahidrofol turşusunun yaranması ilə qaraciyərdə depolaşır və metabolizmə uğrayır. Əsasən metabolitlər şəklində böyrəklər vasitəsilə xaric olur; fol turşusunun qəbul edilən dozası sutkalıq tələbatı əhəmiyyətli dərəcədə aşdıqda, dəyişilməmiş şəkildə xaric olur. Hemodializin köməyilə xaric olur. B12 vitamininin (sianokobalamin) absorbsiyası əsasən mədədə və bağırsağın yuxarı şöbəsində daxili faktorun olması ilə müəyyən edilir, toxumalara sonradan daşınması zülal transkobalaminin nəqlilə həyata keçirilir. Plasentar baryerdən keçərək, ana südünə nüfuz edir. Əsasən qaraciyərdə depolaşır. Qaraciyərdən ödlə bağırsağa xaric olur və yenidən qana sorulur. Böyrəklərin normal funksiyası zamanı 7-10% böyrəklər vasitəsilə, 50%-i nəcis kütləsilə; böyrəklərin zəifləmiş funksiyası zamanı 0-7% böyrəklər vasitəsilə, 70-100% nəcis kütləsilə xaric olur.

 

İstifadəsinə göstərişlər

- B1, B2, B6, B12 vitaminlərinin və fol turşusunun hipo- və avitaminozu;

- aşağıdakı xəstəliklərin simptomatik müalicəsində: periferik nevritlər və polinevritlər, nevralgiyalar, periferik parez və ifliclər, kəmərləyici dəmrov, lyumbaqo, pleksitlər, qabırğaarası nevralgiyalar, üz sinirinin parezi, üçlü və üz sinirlərinin nevralgiyası, amiotrofik yan skleroz, uşaq serebral iflici, periferik sinir sistemlərinin travmaları;

- ensefalopatiya (diabetik, alkoqol, posttravmatik);

- müxtəlif mənşəli anemiyalar;

- mədə-bağırsaq sisteminin xəstəlikləri: xroniki qastrit, enterokolit;

- qaraciyər xəstəlikləri: hepatit, sirroz;

- ürək-damar xəstəliklərindən sonra bərpa mərhələsi, xroniki qan dövranı çatışmazlığı, miokardit, miokardiodistrofiya;

- dəri xəstəlikləri: ekzema və nevrogen mənşəli dermatozlar, dermatitlər və neyrodermitlər, psoriaz;

- oftalmoloji xəstəliklər: hemeralopiya, konyuktivit, keratit, irit, katarakta, buynuz qişanın xorası;

- izoniazid sırasından olan vərəməleyhinə dərman vasitələrinin, antibiotiklərin əlavə təsirlərinin profilaktika və korreksiyası;

- astenik vəziyyət: yüksək və xroniki yorğunluq, depressiya, qıcıqlanma, əsəbilik, yuxunun və iştahanın pozulması, diqqətin azalması və yaddaşın pisləşməsi;

- yüksək fiziki gərkinlik.

 

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;

- allergik xəstəliklər;

- kəskinləşmə mərhələsində mədə və onikibarmaq bağırsağın xora xəstəliyi;

- nefrolitiaz;

- eritremiya, eritrositoz, tromboemboliya;

- 10 yaşa qədər uşaqlar;

- hamiləlik;

- böyrək və qaraciyər çatışmazlığı.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Nəzərə almaq lazımdır ki, Benevron BF preparatının qəbulu zamanı sidiyin sarı rəngə dəyişməsi mümkündür ki, bu da, preparatın tərkibində riboflavinin olması ilə əlaqədardır. Preparatın qəbulu zamanı hipervitaminozun qarşısını almaq məqsədilə digər mənbələrdən B qrupu vitaminlərindən istifadəni nəzərə almaq lazımdır, lakin belə vəziyyət nadir hallarda baş verir, belə ki, B qrupu vitaminləri suda həll olur və artıq miqdarı sidiklə xaric olur. Preparatın tərkibinə daxil olan natrium betabisulfit, natrium propilhidroksibenzoat, natrium metil hidroksibenzoat allergiyaya və bronxospazma səbəb ola bilər.

 

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Sikloserin, hidralazin və penisillamin tiaminin antaqonistidir. Qıcolmaəleyhinə preparatlarla (fenobarbital, fenitoin, karbamazepin) uzun müddətli müalicə, eləcə də, Benevron BF preparatının diqoksinlə, indometasinlə, antasid preparatlarla eyni vaxtda istifadəsi tiaminin defisitinə səbəb ola bilər. Tiosemikarbazon və 5-flüorfuranil tiaminin aktivliyini inhibə edir. Tiamin depolyarizasiyaedici əzələ relasantlarının (ditilin və digərləri) kurareyəbənzər təsirini zəiflədir. Kofeinin, tərkibində kükürd və estrogenlər olan preparatların istifadəsi tiaminə tələbatı artırır. Alkoqoldan və qara çaydan istifadə tiaminin absorbsiyasını azaldır. Piridoksin diuretiklərin təsirini gücləndirir, levodopanın aktivliyini zəiflədir. İzonikotin hidrazid, penisillamin, sikloserin və estrogen tərkibli peroral kontraseptivlər piridoksinin effektini zəiflədir. Ürək qlikozidləri (piridoksin miokardda yığılma zülallarının sintezinin yüksəlməsinə səbəb olur), qlütamin turşusu və asparkamla (hipoksiyaya qarşı dözümlülük artır) yaxşı uyuşur. Piridoksin steroid hormonların effektini azalda bilər. İzoniazid piridoksinin sidiklə xaric olmasını artırır. Riboflavin doksisiklinin, tetrasiklinin, oksitetrasiklinin, eritromisinin və linkomisinin aktivliyini azaldır. Streptomisinlə uyuşmur. Xlorpromazin, imipramin, amitriptilin flavinokinazanın blokada olunması hesabına riboflavinin flavinadeninmononukleotidə və flavinadenindinukleotidə qoşulmasını pozur və onun sidiklə xaric olmasını artırır. Tireoid hormonlar B2 vitamininin metabolizmini gücləndirir. Riboflavin xloramfenikolun əlavə təsirlərini azaldır və qarşısını alır (hemopoezin pozulması, görmə sinirinin nevriti). Qıcolmaəleyhinə preparatlar (fenitoin və karbamazepin daxil olmaqla), estrogenlər, peroral kontraseptivlər fol turşusuna tələbatı artırır. Antasidlər (o cümlədən, laksium , alüminium və maqnezium preparatları), kolestiramin, sulfonamidlər ( o cümlədən, sulfasalazin) fol turşusunun absorbsiyasını azaldır. Metotreksat, pirimetamin, triamteren, trimetoprim dihidrofolatreduktazanı inhibə edir və fol turşusunun effektini azaldır (bu preparatları qəbul edən pasiyentlərə onun əvəzinə kalsium folinat təyin etmək lazımdır). Sianokobalamin farmasevtik nöqteyi-nəzərdən askorbin turşusu, ağır metal duzları (sianokobalaminin inaktivasiyası) uyuşmur. Aminoqlikozidlər, salisilatlar, epilepsiyaəleyhinə dərman vasitələri, kolxisin, kalium preparatları B12 vitamininin absorbsiyasını azaldır. Sianokobalamin tiaminin törətdiyi allergik reaksiyaların inkişafını gücləndirir. Xloramfenikol hemopoetik cavabı azaldır. Qanın laxtalanmasını artıran preparatlarla eyni vaxtda istifadə etmək olmaz.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövründə istifadəsi, yalnız ana üçün gözlənilən fayda südəmər körpəyə olan potensial riskdən üstün olduqda mümkündür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Benevron BF nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

 

BENEVRON BF İstifadə qaydası və dozası

Benvron BF preparatı yemək vaxtı və ya yeməkdən sonra gündə 1 dəfə 1 tablet daxilə qəbul edilir. Dozalanma rejimi və müalicənin müddəti həkim tərəfindən fərdi təyin olunur. Uşaqlar 10 yaşa qədər uşaqlarda preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumat yoxdur. Böyrək çatışmazlığı: Tərkibində yüksək dozada B qrupu vitaminləri olduğundan, böyrək çatışmazlığı olan pasiyenylətdə əks göstərişdir. Qaraciyər çatışmazlığı: Tərkibində yüksək dozada B qrupu vitaminləri olduğundan, qaraciyər çatışmazlığı olan pasiyenylətdə əks göstərişdir.

 

Əlavə təsirləri

Preparatın qəbulu zamanı arzuolunmayan reaksiyaların yaranması az ehtimal edilir. Ayrı-ayrı hallarda aşağıdakı əlavə təsirlər mümkündür: sinir sistemində baş verən pozğunluqlar: B6 vitamininin uzun müddət (6-12 ay) hər gün 50 mqdan artıq dozada qəbulu periferik sensor neyropatiyaya, sinir oyanıqlığına, süstlüyə, başgicəllənməyə, başağrıya səbəb ola bilər.

Həzm sistemində baş verən pozğunluqlar: mədə-bağırsaq pozulmaları, o cümlədən, ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı, mədə şirəsinin turşuluğunun artması

İmmun sistemdə baş verən pozğunluqlar: hiperhəssaslıq reaksiyaları, yüksək tərləmə, taxikardiya, təngnəfəslik, anafilaktik şok, anafilaksiya, dəri reaksiyaları, o cümlədən, qaşınma, səpgi, övrə.

 

Doza həddinin aşılması

B qrupu vitaminləri suda həll olduğu üçün onların artıq miqdarı sidiklə xaric olur, doza həddinin aşılması çox nadir hallarda baş verir. Simptomlar: Doza həddinin aşılması hipervitaminoz simptomları ilə təzahür edə bilər: sinir oyanıqlığı, çox nadir hallarda-taxikardiya, diareya və ya daha çox ifadə olunmuş əlavə təsirlərlə. Müalicəsi: simptomatikdir.

 

Buraxılış forması

Bağırsaqda həll olan örtüklü tabletlər. 10 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.