Pharmed
ARIPEGIS 10MG N28 TB
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
_______________________ 2022-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ARİPEGİS® 10 mq; 15 mq; 30 mq tabletlər
ARIPEGIS
Beynəlxalq patentləşdirilməmiş adı: Aripiprazole
Tərkibi
Aripegis® 10 mq
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq aripiprazol vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş qarğıdalı nişastası, mikrokristallik sellüloza, susuz
kolloidal silisium dioksid, maqnezium stearat.
Aripegis® 15 mq
Təsiredici maddə: 1 tabletin tərkibində 15 mq aripiprazol vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, susuz kolloidal
silisium dioksid, maqnezium stearat.
Aripegis® 30 mq
Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq aripiprazol vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, susuz kolloidal
silisium dioksid, maqnezium stearat.
Təsviri
Aripegis® 10 mq
Dairəvi, hər iki tərəfi qabarıq, qoxusuz və ya demək olar ki, qoxusuz, bir tərəfində “E” nişanı və
“562” kodu olan, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir.
Aripegis® 15 mq
Dairəvi, yastı, qoxusuz və ya demək olar ki, qoxusuz, bir tərəfində “E” nişanı və “563” kodu olan,
ağ və ya demək olar ki, ağ rəngli tabletlər.
Aripegis® 30 mq
Dairəvi, hər iki tərəfi qabarıq, qoxusuz və ya demək olar ki, qoxusuz, bir tərəfində “E” nişanı və
“564” kodu olan, ağ və ya demək olar ki, ağ rəngli tabletlər.
Farmakoterapevtik qrupu
Psixoleptiklər, digər antipsixotik preparatlar.
ATC kodu: N05AX12.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Aripiprazolun şizofreniya və I tip bipolyar pozğunluq zamanı təsirinin dofamin D2 və serotonin
5HT1a reseptorlarına qarşı qismən aqonistliyi və serotonin 5HT2a reseptorlarına qarşı antaqonist
təsirinin kombinasiyasından ibarət olduğu ehtimal olunur.
Heyvanlar üzərində aparılan tədqiqatlarda aripiprazol dofaminergik hiperaktivliyi zamanı
antaqonist, dofaminergik hipoaktivliyi zamanı isə aqonist təsir göstərir. Aripiprazol in vitro
tədqiqatlar zamanı dofamin D2 və D3, serotonin 5HT1a və 5HT2a reseptorlarına qarşı yüksək affinlik,
dofamin D4, serotonin 5HT2c və 5HT7, alfa-1 adrenergik və histamin H1 reseptorlarına qarşı isə orta
affinlik nümayiş etdirmişdir. Aripiprazol, həmçinin, serotoninin geriyə tutulma sahəsi reseptorlarına
qarşı orta affinlik nümayiş etdirir, muskarin reseptorlarına qarşı affinliyi isə əhəmiyyətli deyildir.
Dofamin və serotonindən başqa digər reseptorlarla qarşılıqlı təsiri aripiprazolun digər klinik
effektlərini izah edə bilər.
İstifadəsinə göstərişlər
- Aripegis® 15 yaş və 15 yaşından yuxarı yeniyetmələrdə və böyuklərdə şizofreniyanın
müalicəsi üçün təyin edilir.
- Aripegis® I tip bipolyar pozğunluqları olan pasiyentlərdə orta və ağır dərəcəli maniakal
epizodların müalicəsində və əvvəlcədən maniakal epizodlar müşahidə olunan və aripiprazol
ilə aparılmış müalicəyə cavab vermiş pasiyentlərdə yeni epizodların qarşısını almaq üçün
təyin edilir.
- Aripegis® 13 yaş və 13 yaşından yuxarı I tip bipolyar pozğunluqları olan yeniyetmə
pasiyentlərdə orta ve ağır dərəcəli maniakal epizodların müalicəsi üçün göstərişdir.
Müalicənin müddəti 12 həftədən çox olmamalıdır.
Əks göstərişlər
Təsiredici maddəyə və ya preparatın tərkibində olan (“Tərkibi” bölməsinə baxın) hər hansı
köməkçi maddəyə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Antipsixotik müalicə zamanı pasiyentin vəziyyətinin yaxşılaşması bir neçə gündən bir neçə həftəyə
qədər çəkə bilər. Bu müddət ərzində pasiyentlər diqqətli nəzarət altında olmalıdır.
Suisidal davranış
Suisidal davranış və əhval-ruhiyyə pozğunluqları psixi xəstəliklər üçün xarakterik hallardır və bəzi
pasiyentlərdə belə hallar təyinata başlayanda və ya dayandırdıqdan dərhal sonra, aripiprazol ilə
aparılmış terapiya daxil olmaqla qeydə alınmışdır (“Əlavə təsirlər” bölməsinə baxın). Yüksək risk
qrupuna daxil olan pasiyentlərə antipsixotik müalicə dövründə yaxından nəzarət edilməlidir.
Epidemioloji tədqiqatların nəticələri göstərir ki, şizofreniya və bipolyar pozğunluqları olan
pasiyentlərdə aripiprazolla müalicə zamanı, digər antipsixotik preparatlarla müqayisədə, intihara
meyl hallarında artım müşahidə edilməmişdir. Yeniyetmələrdə (18 yaşından aşağı) bu riski
qiymətləndirmək üçün kifayət qədər pediatrik məlumatlar mövcud deyil, lakin aripiprazol daxil
olmaqla, atipik antipsixotik vasitələr üçün ilk 4 həftəlik müalicədən sonra intihara cəhd riskinin
mövcudluğu barədə məlumatlar vardır.
Ürək-damar xəstəlikləri
Mövcud ürək-damar pozğunluqları (anamnezdə miokard infarktı və ya ürəyin işemik xəstəliyi, ürək
çatışmazlığı, keçiricilik pozğunluqları), serebrovaskulyar pozğunluqları olan pasiyentlərdə,
hipotoniyaya (dehidratasiya, hipovolemiya və antihipertonik preparatlarla müalicə) və ya
hipertoniyaya (sürətli və bədxassəli hipertoniya daxil olmaqla) səbəb ola biləcək vəziyyətlərdə
aripiprazol ehtiyatla istifadə edilməlidir.
Antipsixotik preparatlarla müalicə zamanı venoz trombemboliya (VTE) halları qeydə alınmışdır.
Antipsixotik müalicə alan pasiyentlər çox vaxt VTE üçün risk qrupuna daxil olduğundan,
müalicədən əvvəl və aripiprazol ilə müalicə dövründə bütün mümkün olan VTE risk faktorları təyin
edilməli və qarşısını almaq üçün tədbirlər görülməlidir.
Ürək keçiriciliyinin pozğunluğu
Klinik tədqiqatlar zamanı, aripiprazol müalicəsi alan pasiyentlərdə plasebo ilə müqayisə olunan QT
intervalının uzanması qeydə alınmışdır. Digər antipsixotiklərlə olduğu kimi, aripiprazol ailə
anamnezində QT intervalının uzanması olan pasiyentlərə ehtiyatla təyin edilməlidir.
Gecikmiş diskineziya
1 il və daha az müddətli klinik sınaqlar zamanı bəzi hallarda aripiprazolla müalicə ilə bağlı
diskineziya halları qeydə alınmışdır. Aripiprazol ilə müalicə olunan pasiyentlərdə gecikmiş
diskineziyanın əlamət və simptomları meydana çıxdıqda, doza azaldılmalı və ya müalicə tamamilə
dayandırılmalıdır.
Müalicə dayandırıldıqdan sonra bu simptomlar müvəqqəti olaraq pisləşə bilər və hətta ilk dəfə baş
verə bilər.
Digər ekstrapiramidal simptomlar
Aripiprazolun istifadəsi ilə pediatrik klinik araşdırmalarda akatiziya və parkinsonizm müşahidə
edilmişdir. Aripiprazol qəbul edən bir pasiyentdə digər ekstrapiramidal əlamətlər və simptomlar
yarandıqda, dozanın azaldılmasına və pasiyentin ciddi şəkildə klinik nəzarətə alınmasına
baxılmalıdır.
Bədxassəli neyroleptik sindrom (BNS)
BNS, antipsixotik dərman vasitələri ilə bağlı olan potensial həyat üçün təhlükəli simptomlar
kompleksidir. Klinik tədqiqatlarda aripiprazol ilə müalicə zamanı BNS halları nadir qeydə
alınmışdır. BNS-in klinik təzahürlərinə hiperpireksiya, əzələ gərginliyi, psixi vəziyyətin dəyişməsi
və vegetativ sinir sisteminin pozğunluğu (qeyri-müntəzəm nəbz və ya qan təzyiqi, taxikardiya,
həddindən çox tərləmə, ürək ritminin pozğunluğu) aiddir. Əlavə olaraq, kreatininfosfokinazanın
səviyyəsinin yüksəlməsi, mioqlobinuriya (rabdomioliz) və kəskin böyrək çatışmazlığı baş verə
bilər. Lakin, BNS-lə əlaqəli olmayan kreatininfosfokinazanın yüksəlməsi və rabdomioliz də,
həmçinin, qeydə alınmışdır. Əgər pasiyentdə BNS simptomları varsa və ya digər əlamətlər olmadan
səbəbsiz yüksək hərarət müşahidə olunursa, aripiprazol daxil olmaqla, bütün antipsixotik vasitələrin
qəbulu dayandırılmalıdır.
Qıcolma tutmaları
Klinik sınaqlara əsasən aripiprazolla müalicə alan pasiyentlərdə nadir hallarda tutmaların baş
verdiyi qeydə alınmışdır. Anamnezində tutmalar və ya tutmalara səbəb ola biləcək vəziyyətləri olan
pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
Demensiyaya bağlı psixozu olan yaşlılar
Ölüm hallarının artması
Alzheymer xəstəliyi səbəbindən psixozu olan yaşlı pasiyentlərdə aripiprazolun istifadəsi ilə üç
plasebo nəzarətli tədqiqatda (n=938; orta yaş: 82,4 il, yaş diapazonu: 56-99 yaş) plasebo ilə
müqayisədə aripiprazol qəbul edən pasiyentlərdə ölüm riski artmışdır. Aripiprazol qrupunda ölüm
halı plasebo qrupu (1,7%) ilə müqayisədə 3,5% təşkil etmişdir. Ölüm səbəbləri müxtəlif olsa da,
ölümlərin əksəriyyəti ya infeksiya (məsələn, pnevmoniya) və ya ürək-damar xarakterli (məsələn,
ürək çatışmazlığı, gözlənilməz ölüm) olmuşdur.
Serebrovaskulyar əlavə təsirlər
Eyni tədqiqat zamanı pasiyentlərdə ölüm halı da daxil olmaqla serebrovaskulyar əlavə reaksiyalar
(insult, tranzitor serebral işemik insult) qeydə alınmışdır. Orta yaş 84, yaş həddi isə 78-88 təşkil
etmişdir. Belə hallar aripiprazol müalicəsi alanların 1,3 %-də, plasebo qəbul edənlərin isə 0,6 %-də
rast gəlinmişdir. Bu fərq statistik əhəmiyyətli deyildir. Buna baxmayaraq, bu tədqiqatlardan (sabit
doza ilə aparılan) birində serebrovaskulyar əlavə reaksiyaların dozalanmadan əhəmiyyətli dərəcədə
asılı olduğu müəyyən edilmişdir. Aripiprazol demensiya ilə bağlı psixozlarda təyin edilmir.
Hiperqlikemiya və şəkərli diabet
Aripiprazol daxil olmaqla, antipsixotik preparatlarla müalicə alan pasiyentlərdə hiperqlikemiya
səbəbindən yaranmış şiddətli ketoasidoz, hiperosmotik koma və ya ölümlə nəticələnmə halları
qeydə alınmışdır. Belə ciddi ağırlaşmalar üçün risk faktoru piylənmə, ailə anamnezində diabetin
olmasıdır. Klinik tədqiqatlar zamanı aripiprazol qəbul edənlərdə hiperqlikemiya ilə bağlı əlavə
təsirlər (diabet daxil olmaqla) və ya qlikemiyanın qeyri-normal laborator göstəriciləri plasebo ilə
müqayisədə əhəmiyyətli dərəcədə fərqli olmamışdır. Aripiprazol və digər atipik antipsixotik
preparatlarla müalicə qəbul edən pasiyentlərdə hiperqlikemiya ilə əlaqəli əlavə təsirlərin baş
verməsini birbaşa müqayisə edən dəqiq qiymətləndirmə yoxdur. Aripiprazol daxil olmaqla istənilən
antipsixotik preparatla müalicə alan pasiyentlər hiperqlikemiyanın əlamət və simptomlarına
(polidipsiya, poliuriya, polifagiya və zəiflik kimi) görə müayinə edilməlidir və şəkərli diabeti olan
və ya şəkərli diabet üçün risk faktoru olan pasiyentlər müntəzəm nəzarət edilməlidir.
Hiperhəssaslıq
Digər dərman vasitələri ilə olduğu kimi aripiprazola qarşı da allergiya kimi hiperhəssaslıq
reaksiyaları baş verə bilər (“Əlavə təsirlər” bölməsinə baxın).
Bədən kütləsinin artması
Antipsixotik vasitələrininin istifadəsi və hərəkətsiz həyat tərzi ilə əlaqədar kütlə artımı şizofreniya
və bipolyar maniakal pozğunluqları olan pasiyentlərdə tez-tez rast gəlinən haldır. Bu ciddi
ağırlaşmalara səbəb ola bilər. Postmarketinq dövründə aripiprazolu qəbul etmiş pasiyentlərdə bədən
kütləsinin artması qeydə alınmışdır. Bu adətən, anamnezində diabet, qalxanvari vəzinin pozğunluğu
və ya hipofiz adenoması kimi risk faktorları olan pasiyentlərdə rast gəlinmişdir. Tədqiqatlar zamanı
aripiprazolun klinik əhəmiyyətli kütlə artımına səbəb olduğu müşahidə edilməmişdir.
Bipolyar maniyası olan yeniyetmələrdə aparılan klinik tədqiqatlarda aripiprazol ilə 4 həftəlik
müalicədən sonra çəki artımı müşahidə edilmişdir. Bədən kütləsinin klinik cəhətdən əhəmiyyətli
artması ilə dozanın azaldılması nəzərdən keçirilməlidir (“Əlavə təsirlər” bölməsinə baxın).
Disfagiya
Qida borusunun hərəki fəaliyyətinin pozğunluğu və aspirasiya halları aripiprazol daxil olmaqla
antipsixotiklərin qəbulu ilə əlaqədar baş verir. Aspirasion pnevmoniyası olan pasiyentlərdə
aripiprazol və digər antipsixotik preparatlar ehtiyatla istifadə edilməlidir.
Qumar oyunlarına qarşı patoloji meyllilik
Əvvələr anamnezdə qumar oyunlarına qarşı patoloji meyllilik qeyd olunmağından asılı olmayaraq,
aripiprazol təyin olunmuş pasiyentlərdə, postmarketinq hesabatlarda qumar oyunlarına qarşı patoloji
meyllilik haqqında məlumatlar verilmişdir. Əvvəllər anamnezdə qumar oyunlarına qarşı patoloji
meyllilik qeyd olunan pasiyentlər yüksək riskə məruz qala bilərlər və onlar diqqətlə nəzarət
olunmalıdırlar (“Əlavə təsirlər” bölməsinə baxın).
I tip bipolyar pozğunluğu zamanı yanaşı diqqət çatışmazlığı sindromu və hiperaktivlik (DÇSH)
pozğunluqları olan pasiyentlər
I tip bipolyar pozğunluğu və DÇSH xəstəliklərinin yanaşı sürməsi yüksək rast gəlmə tezliyinə
baxmayaraq, aripiprazol və stimulyatorların birgə istifadəsi zamanı təhlükəsizlik üzrə çox məhdud
məlumatlar mövcuddur. Bu səbəbdən bu dərman vasitələrinin birgə tətbiqi zamanı xüsusi ehtiyatlı
olmaq lazımdır.
Uyuşmazlığı
Məlumat yoxdur.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Aripiprazolun α1-adrenergik reseptorlara qarşı antaqonistliyi səbəbindən bəzi antihipertenziv
vasitələrin təsirini artıra bilər.
Aripiprazolun MSS-ə təsirini nəzərə alaraq, sedativ əlavə təsirləri törədən alkoqol və digər dərman
vasitələri ilə birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır (“Əlavə təsirlər” bölməsinə baxın).
Aripiprazol QT intervalını uzadan və ya elektrolit disbalansını yaradan preparatlarla birgə ehtiyatla
təyin edilməlidir.
Digər dərman vasitələrinin aripiprazola təsiri
Mədə turşusu blokatorları və H2 antaqonisti olan famotidin aripiprazolun sorulmasını azaldır. Lakin,
bu effekt klinik əhəmiyyətli hesab edilmir.
Aripiprazolun metabolizmində CYP2D6 və CYP3A4 izofermentlərini daxil edən bir neçə
biotransformasiya yolları iştirak edir, bu prosesdə CYP1A iştirak etmir. Bu səbəbdən, siqaret
çəkənlərdə dozanın tənzimlənməsi tələb olunmur.
Xinidin və CYP2D6 izofermentinin digər inhibitorları
Sağlam şəxslərdə klinik tədqiqatlar zamanı, CYP2D6-ın güclü inhibitoru (xinidin) Cmax -ı
dəyişmədən, aripiprazolun AUC göstəricisinin 107 % artmasına səbəb olmuşdur. Aktiv metabolit
olan dehidroaripiprazolun Cmax və AUC göstəriciləri, müvafiq olaraq, 32 % və 47 % olmaqla
azalmışdır. Aripiprazolun xinidinlə birlikdə istifadəsi zamanı, aripiprazolun dozası təqribən yarıya
qədər azaldılmalıdır. Fluoksetin və paroksetin kimi CYP2D6-ın digər güclü inhibitorlarının da eyni
effekt göstərəcəyi ehtimal olunur, bunun üçün eyni doza azaldılması bu preparatlarla da
aparılmalıdır.
Ketokonazol və CYP3A4 izofermentinin digər inhibitorları
Sağlam şəxslərdə aparılan klinik tədqiqatlar zamanı, CYP3A4-ün güclü blokatoru (ketokonazol)
aripiprazolun Cmax və AUC göstəricilərini, müvafiq olaraq, 63 % və 37 % artırmışdır.
Dehidroaripiprazolun Cmax və AUC göstəriciləri isə, müvafiq olaraq, 77 % və 43 % artmışdır.
CYP2D6-ın zəif metabolik aktivliyi zamanı CYP3A4-ün güclü inhibitorları ilə birgə istifadəsi,
CYP2D6-ın güclü funksiyasına nisbətən aripiprazolun plazma konsentrasiyasının daha çox
yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən ketokonazol və digər CYP3A4 inhibitorları aripiprazol
ilə birlikdə təyin edildikdə potensial risk və potensial fayda qiymətləndirilməlidir. Ketokonazol
apiprazolla birlikdə təyin edildikdə axırıncının dozası yarıya qədər azaldılmalıdır. İtrakonazol və
İİV proteaza inhibitorları kimi, CYP3A4-ün digər güclü inhibitorları da eyni təsir göstərə bilər, bu
səbəbdən dozanın azaldılması eyni qaydada bu preparatlarla da aparılır.
CYP2D6 və ya 3A4 inhibitorlarının qəbulu dayandırıldıqda, Aripegis® preparatının dozası
kombinəolunmuş müalicədən əvvəlki səviyyəyə qədər artırılmalıdır.
CYP3A4 (məsələn, diltiazem və ya essitalopram) və ya CYP2D6-ın zəif inhibitorları aripiprazol ilə
birlikdə istifadə edildikdə aripiprazolun konsentrasiyası az miqdarda arta bilər.
CYP3A4-ın induktoru olan karbamazepin aripiprazolla birgə istifadə edildikdə Cmax və AUC
göstəriciləri, aripiprazolun tək qəbuluna (30 mq) nisbətən, müvafiq olaraq, 68 % və 73 % azalır.
Eyni qaydada karbamazepinin dehidroaripiprazolla eyni zaman istifadə edildikdə,
dehidroaripiprazol üçün, bu göstəricilər müvafiq olaraq, 69 % və 71 % azalır.
Bu səbəbdən, preparat karbamazepinlə birlikdə təyin edildikdə aripiprazolun dozası 2 dəfə
artırılmalıdır. CYP3A4-ün digər güclü induktorları (rifampisin, rifabutin, fenitoin, fenobarbital,
primidon, efavirenz, nevirapin və dazıotu) eyni effekt törədə bilər, bu səbəbdən eyni qaydada doza
artırılmalıdır. CYP3A4 induktorlarının qəbulu dayandırıldıqdan sonra aripiprazolun dozası əvvəlki
dozaya qədər azaldılmalıdır.
Valproat və litium
Valproat və ya litiumla birlikdə təyini aripiprazolun konsentrasiyasında klinik əhəmiyyətli
dəyişiklik yaratmamışdır.
Serotonin sindromu
Aripiprazol qəbul edən pasiyentlərdə serotonin sindromu haqqında məlumat verilmişdir və bu
vəziyyət üçün mümkün olan əlamət və simptomlar, xüsusilə serotoninin geriyə tutulmasının
selektiv inhibitorları (SGTSİ) və serotonin və noradrenalinin geriyə tutulmasının inhibitorları
SNGTİ kimi digər serotonergik dərman vasitələri və ya aripiprazol konsentrasiyasını artıra bilən
dərman vasitələri ilə birgə istifadəsi zamanı yaranmışdır (“Əlavə təsirlər” bölməsinə baxın).
Aripiprazolun digər preparatlara təsiri
Klinik tədqiqatlar zamanı, 10-30 mq/gün dozada aripiprazol təyini CYP2D6
(dekstrometorfan/3-metoksimorfinan nisbəti), 2C9 (varfarin), 2C19 (omeprazol) və 3A4
(dekstrometorfan) izofermentləri vasitəsilə metabolizmə uğrayan substratlara əhəmiyyətli effekt
göstərməmişdir. Əlavə olaraq, in vitro tədqiqatlarda aripiprazol və dehidroaripiprazol CYP1A2 ilə
əlaqəli metabolizmə dəyişdirici təsir etmir. Bələliklə, bu izofermentlə metabolizmə uğrayan dərman
vasitələri ilə klinik əhəmiyyətli qarşılıqlı təsiri ehtimal edilmir.
Aripiprazol valproat, litium və ya lamotricinlə birgə təyin edildikdə, valproat, litium və lamotricinin
konsentrasiyasında klinik əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamilə qadınlarda aripiprazol ilə adekvat və nəzarət olunan klinik tədqiqatlar aparılmamışdır.
Anadangəlmə anomaliyalar qeydə alınsa da, bunun aripiprazol qəbulu səbəbindən olduğu müəyyən
deyil. Heyvanlar üzərində aparılmış tədqiqatlar bətndaxili inkişafa toksik təsirini istisna etmir.
Pasiyentlər hamilə qalmaqları barədə və ya aripiprazolla müalicə dövründə hamilə qalmaq
niyyətindədirlərsə, həkimə bildirməlidirlər. Hər halda, insanlar üçün təhlükəsizliyi haqda məlumat
məhdud olduğundan və heyvanlarla aparılan tədqiqatların nəticələri narahatlıq yaratdığından
aripiprazol, yalnız, hamilələrə göstərdiyi effekt, döl üçün yaratdığı riskdən daha üstün olduğu
hallarda istifadə edilə bilər.
Hamiləliyin 3-cü trimestri ərzində antipsixotik preparatların (o cümlədən, aripiprazol) təsirinə
məruz qalmış körpələr doğuşdan sonra, ağırlığına və davam etmə müddətinə görə müxtəlif olan
ekstrapiramidal və/və ya ləğvetmə simptomları kimi əlavə təsirlərə məruz qala bilərlər. Qeydə
alınmışdır ki, belə körpələrdə oyanıqlıq, hipertoniya, hipotoniya, tremor, yuxululuq, respirator
distress, qidalanma pozğunluğu halları baş verir. Bu səbəbdən, belə körpələr diqqətli nəzarət altında
saxlanılmalıdır.
Laktasiya
Aripiprazol ana südü ilə xaric olunur. Pasiyentlərə aripiprazol qəbulu zamanı uşaqlarını ana südü ilə
qidalandırmamaq məsləhət görülməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Digər antipsixotik dərmanlarla olduğu kimi pasiyentlər, aripiprazolun onlarda əlavə təsirlər
yaratmadığına əmin olmayana qədər nəqliyyat və digər təhlükəli mexanizmləri idarə etməmələri
haqqında xəbərdar edilməlidirlər (“Əlavə təsirlər” bölməsinə baxın).
Bipolyar tip I pozğunluğu olan uşaqlar və yeniyetmələrdə yuxululuq və yorğunluğun baş vermə
tezliyi artır (“Əlavə təsirlər” bölməsinə baxın).
İstifadə qaydası və dozası
Dozalanma rejimi
Böyüklər
Şizofreniya
Məsləhət görülən başlanğıc doza 10 və ya 15 mq/gün, sonradan 15 mq/gün dəstəkləyi doza gündə 1
dəfə, qidadan asılı olmayaraq təyin edilir.
Aripegis® preparatı 10-30 mq/gün doza həddində effektivdir. Gündəlik 15 mq-dan yüksək dozalarda
effektivliyinin yüksəldiyi sübut edilməsə də, bəzi pasiyentlərdə yüksək dozada effektiv ola bilər.
Maksimal sutkalıq doza 30 mq-dan yüksək olmamalıdır.
I tip bipolyar pozğunluq zamanı maniakal epizodlar
Monoterapiya və ya kompleks müalicə zamanı sutkalıq doza qida qəbulundan asılı olmayaraq
15 mq-dır. Bəzi pasiyentlər üçün yüksək doza effektiv ola bilər. Maksimal sutkalıq doza 30 mq-dan
yüksək olmamalıdır.
I tip bipolyar pozğunluqlarda maniakal epizodların residivlərinin qarşısını alınması
Maniakal epizodun monoterapiya və ya kompleks müalicəsi üçün aripiprazol qəbul etmiş
pasiyentlərdə, residivlərin qarşısını almaq üçün müalicə eyni dozada davam etdirilir. Gündəlik
dozanın tənzimlənməsi və ya azaldılması klinik göstəricilərə əsasən aparılır.
Uşaqlar və yeniyetmələr
15 yaş və 15 yaşından yuxarı yeniyetmələrdə şizofreniya
Aripegis® preparatı üçün məsləhət görülən doza 10 mq/gün, sutkada 1 dəfə, qida qəbulundan asılı
olmayaraq təyin edilir. Müalicə 2 gün, gündə 2 mq (tablet ilə bu mümkün olmadığı üçün
aripiprazolun peroral məhlul forması istifadə edilməlidir), sonrakı 2 gün, gündə 5 mq-la başlayıb,
gündə 10 mq olmaqla davam etdirilməlidir. Lazım olduqda, sonrakı doza artımı 5 mq olmaqla,
sutkalıq doza 30 mq-dan artıq olmamaq şərtilə aparıla bilər.
Aripegis® preparatı 10-30 mq/gün doza həddində effektivdir. Gündəlik 10 mq-dan yüksək dozalarda
yeniyetmələrdə effektivliyinin yüksəldiyi sübut edilməsə də, bəzi pasiyentlərdə yüksək dozada
effektiv ola bilər.
Aripegis® preparatının 15 yaşından kiçik uşaqlarda istifadəsi, effektivliyi və təhlükəsizliyi haqqında
məlumatlar məhdud olduğu üçün, məsləhət görülmür.
13 yaş və 13 yaşından yuxarı yeniyetmələrdə I tip bipolyar pozğunluqlar zamanı maniakal
epizodlar
Aripegis® preparatının tövsiyə olunan dozası gündə bir dəfə qida qəbulundan asılı olmayaraq 10 mq
təşkil edir. Müalicəyə 2 gün ərzində 2 mq doza ilə başlanmalıdır (tablet ilə bu mümkün olmadığı
üçün aripiprazolun peroral məhlul forması istifadə edilməlidir), tövsiyə olunan 10 mq gündəlik
dozaya çatmaq üçün 2 əlavə gün ərzində 5 mq qədər titrlənir.
Müalicə müddəti simptomların idarə olunması üçün lazım olan minimumda olmalıdır və 12
həftədən artıq olmamalıdır. Gündəlik 10 mq dozadan daha yüksək dozalarda qəbulu effektivliyinin
artmasını nümayiş etdirməmişdir və gündəlik 30 mq doza qəbulu əhəmiyyətli dərəcədə
ekstrapiramidal pozğunluqlar ilə əlaqəli hallar daxil olmaqla, yuxusuzluq, halsızlıq və bədən
kütləsinin artması kimi əlavə təsirlərin yüksək yaranma tezliyi ilə əlaqəlindirilmişdir. Bu səbəbdən
10 mq-dan yuxarı olan gündəlik dozalar istisna hallarda və diqqətli klinik nəzarət altında istifadə
edilməlidir. Yeniyetmələrdə aripiprazol ilə əlaqəli əlavə təsirlərin baş vermə riski yüksəlir. Bu
səbəbdən Aripegis® preparatı 13 yaşından aşağı pasiyentlərdə istifadə üçün tövsiyə olunmur.
Autizmlə əlaqəli əsəbilik
Aripegis® preparatının 18 yaşından kiçik uşaqlarda və yeniyetmələrdə effektivliyi və təhlükəsizliyi
hələ ki, öyrənilməmişdir. Dozalanma üzrə tövsiyələr yoxdur.
Turett xəstəliyi ilə əlaqəli tiklər
6-18 yaş arası uşaqlar və yeniyetmələrdə aripiprazolun təhlükəsizliyi və effektivliyi hələ
müəyyənləşdirilməmişdir. Dozalanma üzrə tövsiyələr yoxdur.
Xüsusi qrup pasiyentlər
Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər
Yüngül və orta dərəcəli qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə dozanın
tənzimlənməsi tələb olunmur. Ciddi qaraciyər çatışmazlığı olan pasiyentlərə təsiri haqda
məlumatlar məhduddur. Belə pasiyentlərdə dozalanma ehtiyatla aparılmalıdır və 30 mq/gün
maksimal sutkalıq doza çox ehtiyatla təyin edilməlidir.
Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər
Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur.
Yaşlılar
65 və 65-dən yuxarı yaşlı, şizofreniya və I tip bipolyar pozğunluğu olan pasiyentlərdə aripiprazolun
effektivliyi müəyyən edilməmişdir. Bu qrup əhalinin yüksək həssaslığını nəzərə alaraq və klinik
faktorlar əsas verirsə, aşağı başlanğıc doza təyin edilməlidir.
Cins
Qadınlarda və kişilərdə cinsdən asılı olaraq dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Siqaret çəkənlər
Aripiprazolun metabolizm yollarına əsasən, siqaret çəkənlərdə doza uyğunlaşdırmasına ehtiyac
yoxdur.
Qarşılıqlı təsirlərlə əlaqədar dozalanma rejimi
Aripiprazol CYP3A4 və ya CYP2D6 güclü inhibitorları ilə birlikdə təyin edildikdə dozası
azaldılmalıdır. CYP3A4 və ya CYP2D6 inhibitorlarının qəbulu dayandırıldıqdan sonra isə
aripiprazolun dozası artırılmalıdır.
Aripiprazol CYP3A4 induktorları ilə birgə təyin edildikdə, dozası artırılmalıdır. CYP3A4
induktorlarının qəbulu dayandırıldıqdan sonra isə aripiprazolun dozası lazım olan dozaya qədər
aşağı salınmalıdır.
İstifadə qaydası
Aripegis® preparatı qida qəbulundan asılı olmayaraq peroral qəbul olunur.
Əlavə təsirləri
Təhlükəsizlik profili üzrə ümümi məlumatlar
Plasebo-nəzarətli tədqiqatlarda ən çox rast gəlinən əlavə təsirlər akatiziya və ürəkbulanma
olmuşdur. Bu təsirlərdən hər ikisi aripiprazolun peroral formalarını qəbul edən pasiyentlərin 3 %-
dən çoxunda rast gəlmişdir.
Preparatla aşağıdakı reaksiyalar plasebo ilə müqayisədə daha tez-tez müşahidə edilmişdir (≥ 1/100)
və ya tibbi nöqteyi-nəzərdən mümkün vacib əlavə təsirlər kimi müəyyən edilmişdir(*):
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - <
1/10); bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda (≥1/10000 - < 1/1000); çox nadir hallarda (<
1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Seçilmiş əlavə təsirlərin təsviri
Ekstrapiramidal simptomlar (EPS)
Şizofreniya
52 həftə davam edən uzunmüddətli nəzarət olunan tədqiqatlar zamanı aripiprazol ilə müalicə alan
pasiyentlərdə parkinsonizm, akatiziya, distoniya və diskineziya daxil olmaqla EPS-ın baş verməsi
(25,8 %), haloperidol müalicəsi alanlarla müqayisədə (57,3 %) daha aşağı olmuşdur. Plasebo-
nəzarətli tədqiqatda EPS-ın baş verməsi aripiprazol müalicəsi alanlarda 19 %, plasebo qəbul
edənlərdə 13,1 % olmuşdur. 26 həftə davam edən uzunmüddətli, nəzarət olunan digər tədqiqatda
EPS-in baş verməsi aripiprazolla müalicə olanlarda 14,8 %, olanzapin müalicəsi alanlarda isə
15,1 % olmuşdur.
I tip bipolyar pozğunluqlar zamanı maniakal epizodlar
12 həftə davam edən nəzarət olunan tədqiqatda EPS-ın baş verməsi aripiprazol müalicəsi alanlarda
23,5 %, haloperidol müalicəsi alanlarda isə 53,3 % olmuşdur. Digər 12 həftəlik tədqiqatda EPS-ın
baş verməsi aripiprazol müalicəsi alanlarda 26,6 %, litium müalicəsi alanlarda isə 17,6 % olmuşdur.
Plasebo-nəzarətli tədqiqatın 26 həftəlik dəstəkləyici fazasında EPS-ın baş verməsi aripiprazol
müalicəsi alanlarda 18,2 %, plasebo qrupunda isə 15,7 % olmuşdur.
Akatiziya
Plasebo-nəzarətli tədqiqatlar zamanı, bipolyar pasiyentlərdə akatiziyanın baş verməsi aripiprazol
qrupu üçün 12,1 % və plasebo qrupu üçün 3,2 % olmuşdur. Şizofreniya xəstələrində isə
akatiziyanın baş verməsi aripiprazol qrupu üçün 6,2 % və plasebo qrupu üçün 3,0 % olmuşdur.
Distoniya
Klass effekti: distoniya simptomları, əzələ qruplarının uzun sürən, qeyri-normal dartılmaları bəzi
həssas pasiyentlərdə müalicənin ilk bir neçə günündə baş verə bilər. Distonik simptomlara daxildir:
boyun əzələlərinin spazmı, bəzən boğazda sıxılmaya qədər inkişaf edə bilər, udma çətinliyi,
tənəffüs çətinliyi və/və ya dilin çıxması. Belə hallar aşağı dozada baş verə bilərsə, birinci nəsil
antipsixotik preparatların yüksək dozalarında daha tez-tez və daha ağır şəkildə baş verir. Kəskin
distoniyanın baş verməsi riski kişilərdə və yeniyetmə qrupunda daha çoxdur.
Laborator göstəricilər
Aripiprazol və plasebo qrupunda rutin laborator göstəricilərdə və lipid parametrlərində klinik
əhəmiyyətli fərqlər müşahidə edilməmişdir. Kreatininfosfokinazanın yüksəlməsi, əsasən, keçib
gedən və asimptomatik olaraq, aripiprazol qrupunda 3,5 %, plasebo qrupunda isə 2,0 % hallarda baş
vermişdir.
Digər əlavə təsirlər
Antipsixotik terapiya ilə bağlı olan və aripiprazolla müalicə müddətində rast gəlinən təsirlərə
bədxassəli neyroleptik sindrom, gecikmiş diskineziya, qıcolma, serebrovaskulyar əlavə təsirlər
demensiyalı yaşlı pasiyentlərdə ölüm hallarının artması, hiperqlikemiya və şəkərli diabet aiddir
(“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın).
Uşaqlar və yeniyetmələr
Şizofreniyalı 15 yaş və 15 yaşından yuxarı yeniyetmələr
Şizofreniyalı 302 yeniyetmənin cəlb olunduğu (13-17 yaş) qısamüddətli, plasebo-nəzarətli
tədqiqatda aşağıda göstərilən arzuolunmaz effektlər istisna olmaqla, digərlərinin növü və baş vermə
tezliyi böyüklərlə oxşar olmuşdur. Yuxululuq/sedasiya və ekstrapiramidal pozğunluq (çox tez-tez ≥
1/10), ağızda qurulq, iştahanın artması və ortostatik hipotoniya ( tez-tez ≥ 1/100-dən < 1/10-a)
aripiprazol qəbul edən yeniyetmələrdə böyüklərə nisbətən (həmçinin, plasebo qrupuna nisbətən)
daha tez-tez rast gəlmişdir.
26 həftəlik, uzunmüddətli, açıq klinik tədqiqatda təhlükəsizlik profili, qısamüddətli,
plasebo-nəzarətli tədqiqatda aparılan müşahidələrlə oxşar olmuşdur.
2 il müddətinə aripiprazol qəbul etmiş şizofreniyalı yeniyetmələrdə (13-17 yaş) qan zərdabında
prolaktin səviyyəsinin azalması qadınlarda (< 3 nq/ml), kişilərdə (< 2 nq/ml) müvafiq olaraq,
29,5 % və 48,3 % təşkil etmişdir.
I tip bipolyar pozğunluqları olan 13 yaş və 13 yaşından yuxarı yeniyetmələrdə maniakal epizodlar
I tip bipolyar pozğunluğu olan yeniyetmələrdə əlavə təsirlərin tezliyi və növü aşağıdakılar istisna
olmaqla böyüklərdə müşahidə olunanlara oxşar idi: çox tez-tez (≥ 1/10) yuxululuq (23,0%),
ekstrapiramidal pozğunluqlar (18,4%), akatiziya (16,0). % ) və yorğunluq (11,8%); tez-tez (≥ 1/100
< 1/10) - qarnın yuxarı hissəsində ağrı, ürək yığılmalarının artması, bədən kütləsinin artması,
iştahanın artması, əzələlərin dartılmaları və diskineziya.
Aşağıdakı əlavə təsirlər dozadan asılı ola bilər: ekstrapiramidal pozğunluqlar (baş vermə tezliyi 10
mq - 9,1%, 30 mq - 28,8%, plasebo - 1,7%); akatiziya (baş vermə tezliyi 10 mq - 12,1%, 30 mq -
20,3%, plasebo - 1,7%).
Bipolyar tip I pozğunluğu olan yeniyetmələrdə aripiprazol ilə müalicənin 12-ci və 30-cu
həftələrində bədən çəkisindəki orta dəyişikliklər müvafiq olaraq 2,4 kq və 5,8 kq, plasebo üçün isə
0,2 kq və 2,3 kq olmuşdur.
Şizofreniyalı pasiyentlərə nisbətən bipolyar pozğunluğu olan pasiyentlərdə pediatrik populyasiyada
yuxululuq və yorğunluq daha tez-tez müşahidə olunmuşdur.
Bipolyar pozğunluğu olan 10-17 yaş arası pediatrik pasiyentlərdə 30 həftə ərzində preparatın
təsirinə məruz qalma nəticəsində, qadınlarda (< 3 nq/ml) və kişilərdə (< 2 nq/ml) plazmada aşağı
prolaktin səviyyələrinin müşahidə olma tezliyi müvafiq olaraq 28 % və 53,3 % təşkil etmişdir.
Postmarketinq dövründə aparılan müşahidələr
Qeydiyyatdan sonrakı dövrdə aşağıdakı əlavə təsirlər bildirilmişdir. Bu əlavə təsirlərin baş vermə
tezliyi məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Qan və limfa sisteminin pozğunluqları
Leykopeniya, neytropeniya, trombositopeniya.
İmmun sisteminin pozğunluqları
Allergik reaksiyalar (məsələn, anafilaktik reaksiya, angionevrotik ödem, şişmiş dil, dildə ödem,
üzdə ödem, qaşınma və ya övrə daxil olmaqla).
Endokrin sisteminin pozğunluqları
Hiperqlikemiya, şəkərli diabet, diabetik ketoasidoz, diabetik hiperosmolyar koma.
Metabolizm və qidalanma pozğunluqları
Bədən kütləsinin artması, bədən kütləsinin azalması, anoreksiya, hiponatriemiya.
Psixi pozğunluqlar
Həyəcanlılıq, əsəbilik, qumar oyunlarına qarşı patoloji meyllik, intihara cəhd, suisidal fikirlər və
suisid halları.
Sinir sisteminin pozğunluqları
Nitq pozuntusu, bədxassəli neyroleptik sindrom, böyük epileptik tutmalar, serotonin sindromu.
Ürək pozğunluqları
QT intervalın uzanması, mədəcik aritmiyası, qəfil izah olunmayan ölüm, ürək tutması, polimorf
mədəcik aritmiyası (torsades de pointes), bradikardiya.
Damar pozğunluqları
Sinkope, arterial hipertenziya,venoz tromboemboliya (pulmonar arteriyanın emboliyası və dərin
venaların trombozu daxil olmaqla).
Tənəffüs, döş qəfəsi və divararalığı orqanlarının pozğunluqları
Orofaringeal spazm, larinqospazm, aspirasion pnevmoniya.
Mədə-bağırsaq sisteminin pozğunluqları
Pankreatit, disfagiya, abdominal diskomfort, mədədə diskomfort, ishal.
Hepatobiliar pozğunluqlar
qaraciyər çatışmazlığı, hepatit, sarılıq, alaninaminotransferaza (ALT) səviyyəsinin yüksəlməsi,
aspartataminotransferaza (AST) səviyyəsinin yüksəlməsi, qamma-qlutamiltransferaza (QQT)
səviyyəsinin yüksəlməsi, qələvi fosfataza səviyyəsinin yüksəlməsi.
Dəri və dərialtı toxumalarının pozğunluqları
Səpgi, fotohəssaslıq reaksiyası, alopesiya, hiperhidroz.
Sümük-əzələ və birləşdirici toxumaların pozğunluqları
Rabdomioliz, mialgiya, hərəkətsizlik.
Böyrək və sidik yollarının pozğunluqları
Sidiyin saxlamama, sidik ifrazının pozğunluğu.
Hamiləliyin gedişinə, doğuşdan sonrakı və perinatal vəziyyətə təsiri
Yenidoğulmuşlarda preparatla əlaqəli ləğvetmə sindromu (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”
bölməsinə baxın)
Reproduktiv sisteminin və süd vəzisinin pozğunluqları
Priapizm.
Ümumi pozğunluqlar və istifadə nahiyəsindəki vəziyyətlər
Termorequlyasiyanın pozulması (məsələn, hipotermiya, pireksiya), sinədə ağrı, periferik ödem.
Laborator və instrumental tədqiqatların nəticələrinə təsiri
Kreatininfosfokinazanının səviyyəsinin artması, qanda qlükozanın səviyyəsinin artması, qanda
qlükozanın səviyyəsinin dəyişməsi, qlikolizə olunmuş hemoqlobinin artması.
Şübhəli əlavə təsirlərin bildirilməsi
Dərman vasitəsinin qeydiyyatından sonrakı dövrdə şübhəli əlavə reaksiyalar barədə məlumat
vermək vacibdir. Bu tədbirlər dərman vasitəsinin fayda-risk nisbətinə nəzarət etməyə imkan verir.
Tibb işçilərindən pasiyentdə ciddi əlavə təsir və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir baş
verdikdə, Milli Farmakonəzarət Sistemi vasitəsilə məlumat vermələri xahiş olunur.
Doza həddinin aşılması
Klinik tədqiqatlar və postmarketinq zamanı, böyüklərdə təsadüfi və ya məqsədli olaraq aripiprazol
ilə (digər preparatların istifadəsi olmadan) doza həddinin aşılması halları qeyd olunmuşdur. Bu
hallarda 1,260 mq-a qədər dozada ölüm halları müşahidə edilməmişdir.
Simptomları
Tormozlanma, qan təzyiqinin yüksəlməsi, yuxululuq, taxikardiya, ürəkbulanma, qusma və diareya
kimi tibbi əhəmiyyətli simptom və əlamətlər müşahidə edilmişdir. Uşaqlarda təsadüfi yüksək
dozalanma (195 mq-a qədər) halında ölüm müşahidə edilməmişdir. Uşaqlarda tibbi əhəmiyyətli
simptom və əlamətlərə yuxululuq, şüurun müvəqqəti itməsi və ekstrapiramidal simptomlar daxildir.
Müalicəsi
Yüksək dozalanma zamanı dəstəkləyici və simptomatik müalicə, hava axınının yaxşılaşdırılması,
oksigenasiya və ventilyasiya tələb olunur. Başqa preparatların da prosesə cəlb oluna biləcəyi nəzərə
alınmalıdır. Bu səbəbdən dərhal kardiovaskulyar monitorinq aparılmalı, mümkün aritmiyaları qeydə
almaq üçün fasiləsiz elektrokardioqramma izlənməlidir. Aripiprazolla yüksək dozalanmadan
şübhələndikdə pasiyent tibbi nəzarətə alınmalı və tam sağalana qədər əsas fizioloji funksiyalarına
nəzarət davam etdirilməlidir.
Aripiprazol qəbulundan 1 saat sonra təyin edilən aktivləşdirilmiş kömür (50 q), aripiprazolun Cmax
göstəricisini 41 %, AUC göstəricisini 51 % azaltmışdır. Bu səbəbdən doza həddinin aşılması
zamanı aktivləşdirilmiş kömür effektiv ola bilər.
Hemodializin aripiprazolla doza həddinin aşılması zamanı effektiv olması haqda məlumat olmasa
da, aripiprazol plazma proteinlərinə möhkəm birləşdiyindən hemodializin effektiv olacağı güman
edilmir.
Buraxılış forması
14 tablet, kombinəedilmiş “cold” örtüklü (poliamid/alüminium folqa/PVX//alüminium folqa)
blisterdə. 1, 2 və ya 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
250 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Preparatın utilizasiyasına xüsusi tələblər yoxdur.Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən
dərmanlar yerli tələblərə uyğun atılmamalıdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Egis Pharmaceuticals PLC, Hungary.
1165 Budapest, Bekenföldi ut, 118-120, Hungary.
Qeydiyyat vəsiqəsinin sahibi
Egis Pharmaceuticals PLC, Hungary.
1106 Budapest, Kereszturi ut 30-38, Hungary.