Pharmed
ARDEYSEDON NAXT N20 TB
ARDEYSEDON NAXT
ARDEYSEDON NAXT Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 200 mq pişikotu kökünün quru ekstraktı (həcm hesabı ilə 70%-li etanol ilə ekstraksiya nəticəsində alınan xammal/quru ekstraksiya nisbəti 4-7:1) və 68 mq mayaotu qozalarının quru ekstraktı (həcm hesabı ilə 40%-li etanol ilə ekstrasiya nəticəsində alınan xammal/quru ekstraksiya nisbəti 4-8:1) vardır. Köməkçi maddələr: laktoza monohidrat, dekstrin, kolloidal silisium, mikrokristallik sellüloza, sellüloza tozu, natrium karboksimetilnişasta (A tipli), stearin turşusu, maqnezium stearat, poli (butil metakrilat-ko-(2-dimetil-aminoetil) metakrilat-ko-metil metakrialt 1:2:1), saxaroza, talk, kalsium karbonat (E170), ərəbistan kitrəsi, traqakant, poli-(O- asetil) nişasta, montanqlikol mumu, titan dioksid (E171).
Farmakoterapevtik qrupu
Sinir sistemi; Psixoleptiklər; Digər yuxugətirici və sedativ vasitələr.
ATC kodu: N05CM.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Pişikotu kökü və mayaotu qozaları preparatlarının sedativ effekti empirik yolla müşahidə olunmuşdur, lakin bu tərkibin təhlükəsizliyi haqda məlumat təqdim edilməmişdir. Sabit kombinasiya ilə keçirilmiş farmakoloji tədqiqatların nəticələri onun sedativ və yuxu yaxşılaşdıran effektlərini dəstəkləmişdir.
Farmakokinetikası: Preparatın farmakokinetik xüsusiyyətləri haqda məlumat təqdim edilməmişdir.
İstifadəsinə göstərişlər
▪ Narahatlıq.
▪ Əsəbilik nəticəsində yaranmış yuxu pozğunluğu.
Əks göstərişlər
Dərman preparatının tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əsəbilik və narahatlıq nəticəsində yaranan yuxu pozğunluğu 2 həftədən artıq davam etdikdə və ya ağırlaşdıqda həkimə müraciət edilməlidir. Ardeysedon Naxt tabletlərinin uşaqlarda tətbiqi haqda yetərli qədər məlumat mövcud deyil. Bu səbəbdən 12 yaşa qədər uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur. İrsi qalaktoza dözümsüzlüyü, laktoza çatışmazlığı və ya qalaktoza sorulmasının pozğunluğuna bənzər nadir hallarda rast gəlinən patologiyaları olan şəxslərdə Ardeysedon Naxt preparatı istifadə edilməməlidir. İrsi fruktoza dözümsüzlüyü, izomaltaza çatışmazlığı və ya qlükoza-qalaktoza sorulmasının pozğunluğuna bənzər nadir hallarda rast gəlinən patologiyaları olan şəxslərdə Ardeysedon Naxt preparatı istifadə edilməməlidir. Ardeysedon Naxt tabletləri eyni vaxtda qəbul olunan alkoqolun təsirini gücləndirə bilər. Diabet olan şəxslərin nəzərinə: 1 örtüklü Ardeysedon Naxt tableti 0,02 çörək vahidinə müvafiqdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlum deyil. Eyni vaxtda digər dərman preparatları ilə qəbul edildikdə məsləhət üçün həkimə və ya əczaçıya müraciət edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə bu tip preparatların qəbulunun hər hansı bir təhlükə yaratması barədə məlumat verilməmişdir. Bununla belə, hamilə və südəmər uşağı olan qadınlar üzərində preparatın riskinin qiymətləndirilməsi üçün tədqiqatlar aparılmadığından,bu tip xəstələrdə Ardeysedon Naxt tabletləri istifadə edilməməlidir.
Nəqliyyat vəsitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Sinir sisteminin reaksiya müddətinin gecikdirilməməsi məqsədilə nəqliyyat vasitələri idarə edən, həmçinin müxtəlif mexanizmlərlə işləyən şəxslər Ardeysedon Naxt tabletlərini aktiv iş fəaliyyətinə başlamazdan ən azı 2 saat əvvəl qəbul etməlidir.
ARDEYSEDON NAXT İstifadə qaydası və dozası
Böyüklərdə və 12 yaşdan yuxarı yeniyetmələrdə narahatlıq və əsəbilik simptomlarının aradan qaldırılması üçün gündə 1-3 dəfə 1 örtüklü tablet qəbul edilməlidir. Böyüklərdə və 12 yaşdan yuxarı yeniyetmələrdə əsəbilik və narahatlıq nəticəsində yaranmış yuxu pozğunluğunun müalicəsi üçün yatmazdan 0,5-1 saat öncə 1 tablet qəbul edilməlidir. Zəruri hallarda 1 tablet də əlavə olaraq axşam vaxtı qəbul edilə bilər.
Əlavə təsirləri
Tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq. Çox nadir hallarda dəri reaksiyaları və qastrointestenal şikayətlər (ürəkbulanma, abdominal spazm) müşahidə oluna bilər. Adətən dərman preparatının qəbulunun dayandırılması meydana çıxan əlavə təsirlərin aradan qalxması ilə nəticələnir.
Doza həddinin aşılması
Pişikotu kökünün 20 q (Ardeysedon Naxt tabletlərinin tərkibində olan miqdardan 25 dəfə yüksək) dozadan yüksək miqdarda qəbulu zamanı yorğunluq, qarın nahiyəsində sancılar, döşdə sıxılma hissi, süstlük, əllərin əsməsi və göz bəbəyinin genişlənməsi kimi simptomlar müşahidə oluna bilər. Bu ağırlaşmalar adətən başlandıqdan sonra 24 saat ərzində itir. Pişikotu kökü preparatının doza həddinin aşılması ilə əlaqədar həkimə müraciət edilməsi barədə cəmi bir məlumat olmuşdur. Xüsusi tədbirlər haqda məlumat yoxdur, dəstəkləyici və simptomatik müalicə tövsiyə olunur.
Buraxılış forması
10 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.