pharmed
AFOBAZOL RETARD 30MG N20 TAB
AFOBAZOL RETARD
Beynəlxalq patentləşdirilməmmiş adı: Fabomotizol
AFOBAZOL RETARD Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq fabomotizol (fabomotizol dihidroxlorid şəklində) vardır. Köməkçi maddələr: kollidon SR(polivinilasetat, povidon, natrium laurilsulfat, silisium dioksid), hipromelloza, laktoza, maqnezium stearat. Örtük: ağ opadri II 85 18422 (qismən hidroliz olunmuş polivinil spirti, titan dioksid, makroqol, talk).
Farmakoterapevtik qrupu
Anksiolitik dərman vasitəsi (trankvilizator).
АТC Коdu: N05BX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Fabomotizol – benzodiazepin qrupuna daxil olmayan selektiv anksiolitikdir. Baş beyinin sinir hüceyrələrində siqma-1 reseptorlara təsir göstərməklə fabomotizol QAYT/benzodiazepin reseptorlarını stabilləşdirir və onların tormozlayıcı endogen mediatorlarına qarşı həssaslığını bərpa edir. Fabomotizol həmçinin neyronların bioenergetik potensialını yüksəldir və neyroprotektor təsir göstərir: sinir hüceyrələrini bərpa edir və zədələnmələrdən qoruyur. Preparatın təsiri özünü, əsasən, anksiolitik (həyəcana qarşı) və yüngül stimullaşdırıcı (aktivləşdirici) effektlərinin birlikdə meydana çıxması şəklində göstərir Fabomotizol həyəcan hissini (qayğılı vəziyyət, pis hadisələrin baş verəcəyi hissiyyatı, qorxu), gərginliyi (qorxaqlıq, ağlağanlıq, narahatlıq hissi, gərginlikdən azadolma qabiliyyətinin olmaması, yuxusuzluq, qorxu), depressiv əhval-ruhiyyə, həyəcanın somatik təzahürlərini (əzələ, sensor, ürək-damar, tənəffüs, mədə-bağırsaq simptomları), vegetativ pozğunluqları (ağızda quruluq, tər ifrazının artması, başgicəllənmə), koqnitiv pozğunluqları (diqqətin konsentrasiyası zamanı çətinliklər, zəifləmiş yaddaş), o cümlədən, stress vəziyyətlərində bas verən halları (adaptasiya pozğunluğu) azaldır və ya aradan qaldırır. Xüsusilə preparatın həyəcanlı həssaslıq, inamsızlıq, tez incimə və emosional labillik, emosional stress reaksiyalara meyillilik şəklində astenik fərdi xüsusiyyətləri olan şəxslərə istifadəsi göstərişdir. Fabomotizol əzələ zəifliyi, yuxululuq törətmir və diqqətin konsentrasiyasına və yaddaşa mənfi təsir göstərmir. Onun istifadəsi zamanı öyrəşmə, dərmandan asılılığı yaranmır və “ləğvetmə” sindromu inkişaf etmir.
Farmakokinetikası: Peroral qəbuldan sonra fabomotizol mədə-bağırsaq traktından yaxşı və sürətlə sorulur. Qida qəbulu dərmanın sorulmasına və farmakokinetik parametrlərinə təsir göstərmir. АFOBAZOL RETARD-ın ilk qəbulundan sonra fabomotizolun plazmada maksimal konsentrasiyası (Cmax) 47,740±43,252 nq/ml, çoxsaylı qəbulundan sonra 27,668±13,770 nq/ml təşkil edir; maksimal konsentrasiyanın yaranma vaxtı (Тmax) ilk qəbul və çoxsaylı qəbuldan sonra müvafiq olaraq 2,1±1,1 və 2,6±1,0 saat təşkil edir. Metabolizmi: fabomotizol qaraciyərdən “ilk keçid effektinə” məruz qalır, metabolizminin əsas istiqamətləri benzimidazol siklinin aromatik halqası üzrə hidroksilləşmə və morfolin fraqmentinin oksidləşməsidir. Fabomotizol damarlarla yaxşı təchiz olunmuş orqanlara intensiv paylanır, onun üçün mərkəzi mənbədən (qan plazmasından) periferik mənbələrə (qan damarları ilə güclü təchiz olunmuş orqan və toxumalar) sürətli keçid xarakterikdir. АFOBAZOL RETARD-ın qəbulu zamanı fabomotizolun yarımxaricolma dövrü ilk qəbuldan sonra 8,41±5,01 saat və çoxsaylı qəbuldan sonra 6,05±3,54 saat təşkil edir. Fabomotizol əsasən metabolitlər şəklində və qismən dəyişilməmiş şəkildə sidiklə və nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
АFOBAZOL RETARD böyüklərdə həyəcanlı vəziyyətlərdə: generalizəolunmuş həyəcan pozğunluqlarında, nevrasteniyada, adaptasiya pozğunluqlarında, müxtəlif somatik xəstəlikləri olan xəstələrdə (bronxial astma, qıcıqlanmış bağırsaq sindromu, sistemli qırmızı qurdeşənəyi, ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyi, aritmiyalar), dermatoloji, onkoloji və s. xəstəliklərdə istifadə olunur. Həyəcanla bağlı yuxu pozğunluqlarında istifadə olunur.
Əks göstərişlər
Fabomotizola və/və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı fərdi həssaslıq. Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası. Hamiləlik və laktasiya dövrü. 18 yaşa qədər uşaq yaş dövrü. Yuxarıda sadalanan xəstəliklərdən biri Sizdə varsa, dərmanı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Fabomotizol etanol ilə qarşılıqlı təsirdə olmur və tiopentalın hipnotik effektinə təsir göstərmir. Karbamazepinin qıcolmaəleyhinə təsirini gücləndirir. Diazepamın anksiolitik təsirini gücləndirir. Əgər Siz yuxarıda göstərilən dərman preparatlatından hər hansı birini və ya digər preparatlar (o cümlədən reseptsiz) qəbul edirsinizsə, AFOBAZOL RETARD preparatının qəbulundan əvvəl həkiminizlə məsləhətləşin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə АFOBAZOL RETARD-ın preparatının qəbulu əks göstərişdir. Laktasiya dövründə preparatın qəbuluna zərurət olarsa döşlə əmizdirilmə dayandırılmalıdir. AFOBAZOL RETARD preparatını istifadə etməzdən əvvəl, əgər Siz hamiləsinizsə və ya hamilə ola biləcəyinizi düşünürsünüzsə, yaxud hamilə qalmağı planlaşdırırsınızsa, həkiminizlə məsləhətləşməlisiniz.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrinin idarə olunmasına və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növlərinin icrasına mənfi təsir göstərmir.
AFOBAZOL RETARD İstifadə qaydası və dozası
Daxilə. 1 tablet gündə 1 dəfə, səhər, qida qəbulundan aslı olmayaraq qəbul edilir. Preparatın müalicə kursunun müddəti 2-4 həftə təşkil edir. Müalicədən sonra heç bir yaxşılaşma olmazsa və ya simptomlar ağırlaşarsa, yaxud yeni simptomlar yaranarsa, həkimə müraciət edilməlidir. Preparatı yalnız təlimatlarda göstərilən göstərişlər, qəbul qaydası və dozalarda istifadə edin.
Əlavə təsirləri
AFOBAZOL RETARD preparatı ilə müalicə zamanı yarana biləcək əlavə təsirlər baş vermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 - <1/10), arabir (≥1/1000 - <1/100), nadir hallarda (≥1/10 000 - <1000), çox nadir hallarda (<1/10 000), rastgəlmə tezliyi məlum deyil (mövcud məlumatlar əsasında müəyyən oluna bilmir).
İmmun sistemə: rastgəlmə tezliyi məlum deyil – allergik reaksiyalar
Sinir sisteminə: nadir hallarda – baş ağrısı baş verə bilər, o adətən öz-özünə keçir və preparatın ləğvini tələb etmir. Əgər Sizdə təlimatda sadalanan hər hansı əlavə təsir qeyd olunarsa və ya bu təsirlər ağırlaşarsa, yaxud Siz təlimatda qeyd olunmayan hər hansı digər əlavə təsirləri müşahidə edirsinizsə, bu barədə həkiminizə məlumat verin.
Doza həddinin aşılması
Simptomları: Doza həddinin əhəmiyyətli dərəcədə aşılması və intoksikasiya zamanı sedativ təsirin inkişafı və miorelaksasiya baş vermədən yuxululuğun artması mümkündür. Müalicəsi: Təxirəsalınmaz tədbir kimi, gündə 2-3 dəfə dəri altına 1 ml 20%-li kofein məhlulu yeridilir. Doza həddinin aşılması əlamətləri görünsə, dərman qəbul etməyi dayandırın və dərhal həkimə müraciət edin.
Buraxılış forması
Uzun müddətli təsirə malik örtüklü tabletlər, 30 mq. 20 tablet, polivinilxlorid plyonka və peçatlı laklı alüminium folqadan ibarət konturlu-yuvalı qablaşdırmada. 1 kontur yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.